Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup fransız dilli müəllimi – Xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Yaqut Qurbanova, Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Tükəz Piriyeva, Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Aynurə Cəbiyeva, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova, Təhsil 2 fakültəsində dekan müavini Zoya Əliyeva Qubada keçirilən "Village Français" ("Fransız kəndi") adlı müəllimlərin təkmilləşdirmə kursunda iştirak ediblər.
Fransanın Azərbaycandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə baş tutan 75 nəfərin iştirak etdiyi 5 günlük layihə çərçivəsində müəllimlərə Fransalı təlimçilərin iştirakı ilə praktik məşğələlər keçirilib. Təlim müddətində onlar innovativ metodlarla tanış olublar.
Eyni zamanda Fransanın ölkəşünaslığına həsr olunmuş “Fransada gender”, “Fransada turizm”, “Fransada sosial müdafiə və sosial təhlükəsizlik”, “Fransa mədəniyyəti”, “Fransada ekologiya” və müxtəlif mövzularda mühazirələr deyilib, geniş məlumatlar verilib.
Layihənin sonunda iştirakçılar Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon ilə görüşüb, xanım səfir tərəfindən sertifikatla təltif ediliblər.