Bilal Bayram oğlu İsmayılov - BAŞSAĞLIĞI
Azərbaycan Dillər Universiteti Fransız dilinin fonetikası və qrammatikası kafedrası

Azərbaycan elminə ağır itki üz vermişdir. Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992-2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssis Bilal Bayram oğlu İsmayılov mayın 28-də ömrünün 83-cü ilində vəfat edib.

Bilal Bayram oğlu İsmayılov 1940-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1947-ci ildə İkinci Şıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna qəbul olub. 1962-ci ildə həmin institutun Avropa dilləri fakültəsinin fransız dili və Azərbaycan dili bölməsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Goranboy rayonunda müəllim kimi çalışıb.

Bilal İsmayılov institutda təhsil aldığı dövrdə elmi işə maraq göstərib və tələbə elmi dərnəklərində iştirak edib. Orta məktəbdə müəllimlik etdiyi dövrdə də onun elmə olan marağı sönməyib.

Professor B.İsmayılovun yazdığı “Fransız dilinin fonetikasına giriş”, “Phonétique française”, “Grammaire française. Syntaxe I” adlı əsərləri ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur.

Tələbələr və tədqiqatçılar B.İsmayılovun “Fransız dilinin kommunikativ sintaksisi”, “Fransız dilinin aktual sintaksisi və onun tədrisi problemləri” kimi kitabları ilə bərabər onun müəllifi və redaktoru olduğu lüğətlərindən də  faydalanırlar. O, fransız dilinin leksikası, qrammatikası, fonetikası və tədris metodikası problemləri ilə yanaşı, leksikoqrafiya ilə də ciddi məşğul olub. Professorun iştirakı və redaktəsi ilə buraxılan “Müasir Fransızca-Azərbaycanca lüğət” və “Fransızca-Azərbaycanca ikidilli əsas işlək sözlər lüğəti” elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bundan başqa, B.İsmayılovun redaktəsi ilə nəşr edilən “Qısa terminoloji lüğət” (müəllifləri M.Abdullayeva və A.Vəkilova) və “Fransızca-Azərbaycanca və Azərbaycanca-Fransızca lüğət”lər də (müəllifləri Ç.Babaxanova və M.Abdullayeva) işıq üzü görüb və tələbələrin istifadəsinə verilib.

Bilal Bayram oğlu İsmayılov universitetin bütün işlərində yaxından iştirak edib. O, həm fakültə, həm də universitetin Elmi Şuralarının üzvü, fakültədə TEC-in fəal təşkilatçılarından biri idi. Uzun müddət B.İsmayılov universitetdə fəaliyyət göstərən “Müasir dilçiliyin problemləri” elmi seminarına, sonralar isə 2003-cü ilədək universitetin Müdafiə Şurası nəzdindəki elmi seminara rəhbərlik edib. B. İsmayılov ölkəmizdə dərc edilən bir sıra elmi jurnalların, o cümlədən, “Dil və ədəbiyyat” (BDU), “Azərbaycanda Xarici Dillər”, “Elmi xəbərlər” (ADU), “Dil və ədəbiyyat” (ADU), “Le français en Azerbaïdjan” (“Azərbaycan fransız dili”) kimi jurnalların redaksiya heyətlərinin üzvü olub.

Professor Bilal İsmayılov Azərbaycanda Roman dilləri ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. 

Bilal İsmayılovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

ADU-nun rektoru akademik Kamal Abdullanın və kollektivimizin adından professor Bilal İsmayılovun yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

 

 

 

Bizimlə əlaqə

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo