Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Adıçəkilən kafedranın müdiri dosent Mehriban Hüseynova görkəmli oftalmoloq alim, akademik, əməkdar elm xadimi, professor Zərifə Əliyeva ilə bağlı fikirlərini səsləndirib:
“Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.
Zərifə xanım Əliyeva Azərbaycanın qeyrət və idraklıq, ağıl və dərrakəlik, mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi sayılan Tomris ana və Nüşabələrin, Burla xatun və Banuçiçəklərin, Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanların, Tuti Bikələrin, Nigarların, Həcərlərin 20-ci yüzillikdə ən layiqli davamçılarından biri kimi müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adlamış, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksələ bilmişdir.”
Kafedranın müəllimi f.f.d Sevinc Səlimova görkəmli akademik Zərifə Əliyeva haqqında öz fikirlərini bildirib:
“Akademik Zərifə Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü. Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır. Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.”
Kafedranın müəllimi f.f.d Xəyalə Əliyeva çıxışında Ulu öndərin və Prezident İlham Əliyevin görkəmli oftalmoloq alim Zərifə Əliyeva ilə bağlı fikirlərini səsləndirib:
“Heydər Əliyev ömrü xatirəyə dönmüş Zərifə Əziz qızını belə kövrək duyğularla xatırlayırdı: “Bilirsiniz ki, həyatım gənclik illərimdən dövlət xidməti ilə bağlı olub. Bütün həyatımı buna həsr etmişəm və indi də bu sahə ilə məşğul oluram. Hesab edirəm ki, mənim müvəffəqiyyətli xidmətimdə ailəm böyük rol oynamışdır. Mən ona görə xoşbəxt idim ki, mənim Zərifə xanım kimi həyat yoldaşım vardı və o, mənim ailəmdə çox gözəl mənəvi mühit yaratmışdı”.
Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Kafedranın laborantları Sübü Əliyeva, Nərmin Heydərova mövzu ilə bağlı hazırladıqları slaydı təqdim ediblər.