Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın məhşur frankafonları” adlı dəyirmi masa keçirilib.
Tədbirdə ölkəmizdə fransız dilinin tədrisi və yayılmasında əhəmiyyətli rolu olan Azərbaycanın 3 məşhur fransız dilli mütəxəssisi Əhməd bəy Ağaoğlu, dosent Mina xanım Quliyeva və prof. Novruz Məmmədovun həyat və yaradıcılığından maraqlı faktlar təqdim olunub, müzakirələr aparılıb.
Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və eyni zamanda Şuşa real məktəbinin ilk fransız dili müəllimi vəzifəsində çalışıb.
Dəyirmi masada alimin həyat və yaradıcılığını əks etdirən maraqlı slaydlar nümayiş etdirilib.
Professor Çəmən Babaxanova, kafedranın baş müəllimləri Rafiq Mikayılov və Rəfiqə Mürşüdova fransız dilinin tədqiqində və tədrisində yüksək metodiki bacarıqlara sahib olan, milli fransız dili dərsliklərinin və fransızca-Azərbaycanca ilk lüğətin müəllifi, pedaqogika elmləri namizədi Mina xanım Quliyeva haqqında xatirələrini bölüşüblər.
Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova məşhur frankofonlarımızdan biri olan Azərbaycan Respublikasının doqquzuncu baş naziri, ictimai-siyasi xadim, birinci dərəcəli dövlət müşaviri və hazırda Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru professor Novruz Məmmədovun həyat və yaradıcılığı, onun fransız dilindən Azərbaycan dilinə tərcümə etdiyi kitablar haqqında ətraflı məlumat verib.
Masada həmçinin “Caniyə Qonqur mükafatı” adlı əsərin tərcüməsi ilə əlaqədar bədii təhlil iştirakçılara təqdim edilib.
Fransız dili leksikologiyası və üslubiyyatı kafedrası dəyirmi masanın aktiv iştirakçılarına- Maqistratura şöbəsinin II kurs tələbəsi Ayşən Abdullayeva, Təhsil-2 fakültəsinin tələbələri Lamiyə Hacıyeva, Sevinc Şabanova, Cəmilə Dadaşova, Məryam Müfidzadə, Nəzrin Əlizadə , Sevda Cəbrayılova, Fidana Nəbiyeva və Fatimə Namazovaya təşəkkürünü bildirib.