ADU-da “Erməni vandalizminin təzahürlərindən biri - 31 mart soyqrımı” mövzusunda tədbir keçirilib
Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Beynəlxaq münasibətlər kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Erməni vandalizminin təzahürlərindən biri - 31 mart soyqrımı”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb:

“Soyqırım xüsusi amansızlıqla milli əlamətə görə həyata keçirilən addımdır. Azərbaycan xalqı da XX əsrin əvvəllərindən başlayaraq erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalıb. Biz ən sonuncu soyqırımı Xocalının timsalında gördük. Xalqımız müstəqilliyi çətinliklə, müxtəlif istilalara uğraya-uğraya əldə edib. Sonuncu - böyük sovet istilasından sonra ölkəmizin müstəqilliyi tam şəkildə Ulu öndər Heydər Əliyevin zamanına təsadüf edib. Azərbaycanın müstəqilliyi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin gərgin əməyinin, siyasətinin nəticəsidir ki, biz bu günləri rahat yaşayırıq. Ölkəmizin müstəqilliyini hədəfə alan,  müstəqilliyimizi gözü götürməyən qüvvələrə qarşı daim bir olmalıyıq.”  

“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi erməni daşnaklarının törətdiyi cinayətlər haqqında müəllifi olduğu “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” adlı kitabından söz açıb, həmin kitabda mərhələli şəkildə qeyd olunan hadisələr haqqında geniş məlumat verib.

Həmin hadisələrdə mindən çox dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib, yüzlərlə kənd, evlər, məscidlər, mülki obyektlər dağıdılıb, yandırılıb, azərbaycanlılara məxsus əmlak talan edilib. Toplunun dörd bölməsində sadalanan qəzaların sakinlərinin ifadələri türk-müsəlman əhaliyə qarşı qırğınların xronologiyasını yaratmaq, zərərçəkənlərin dəqiq sayını, qətlə yetirilənlərin cinsini, yaşını, adlarını, dəymiş ziyanın həcmini, dağıdılmış və viran qalmış kəndlərin adlarını və s. müəyyən etməyə imkan verir. Erməni birləşmələrinin cinayət əməllərini təfərrüatı ilə ifşa edən sənədlər sübut edir ki, Qarabağ və Zəngəzur hadisələri erməni millətçilərinin irihəcmli əməliyyatlarının və planlarının tərkib hissəsi olmaqla, bölgədə müsəlman əhalini azaltmaqla bu əraziləri Ermənistana birləşdirmək məqsədi güdürdü. Topluya, həmçinin məsələnin tarixinə dair elmi oçerk, ətraflı yardımçı informasiya aparatı və fotoşəkillər daxil edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo