ADU-da
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun tərtib etdiyi ümummilli lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabının təqdimatı keçirilib.

Konfutsi İnstitutu tərəfindən nəşr olunan kitabın təqdimatında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Din Tao, səfirliyin nümayəndələri və universitetin əməkdaşları, eyni zamanda tələbələr iştirak edib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev Çin Xalq Respublikası ilə uğurlu diplomatik əlaqələr yaratmışdı. Bugünkü geniş əlaqələrin əsası məhz 1994-cü ildə ulu öndərin Çinə olan tarixi səfəri zamanı qoyulmuşdu. 

ADU-nun rektoru akademik Kamal Abdulla kitabın çap olunmasını yüksək qiymətləndirib. Bildirib ki, ADU ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur.

 Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş kitabda səfərin xronologiyası, Heydər Əliyevin Çinin liderləri və dövlət xadimləri ilə görüşləri və danışıqları, mətbuat konfranslarındakı və Çin iş və elm dairələrinin nümayəndələri qarşısındakı çıxışları, səfər ərəfəsində imzalanan ikitərəfli müqavilələrin mətnləri barədə məlumat verilib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Ulu öndərin hakimiyyətə qayıdışının tarixindən, Azərbaycanın xarici siyasətindən və Azərbaycan-Çin əlaqələrindən  danışıb.  O, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerin əhəmiyyətini qeyd edib, beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz siyasəti haqqında ətraflı bəhs edib.

Beynəlxalq münasibətlər kafedrasının müəllimləri -  dosent Samirə İmanova və dosent Namiq Əsədov kitabın əhəmiyyətindən danışıblar.

Təqdimatda həmçinin Ulu öndərin 1994-cü ildə Çinə etdiyi səfəri əks etdirən videoçarx nümayiş olunub.  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo