Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları – fil.f.d., dos. S. Zeynalova, b/m. G. Əhmədova, b/m. S. Məmmədovanın təşkilatçılığı və 114b və 414r qrup tələblərinin iştirakı ilə "Heydər Əliyev və Almaniya" adlı tədbir keçirilib.
Tədbirdə ADU-nun rektorunun məsləhətçisi A. Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F. Cahangirov iştirak ediblər.
Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova qonaqları salamladıqdan sonra Azərbaycan və Almaniya arasında münasibətlərin qurulmasında Heydər Əliyevin xidmətlərindən danışıb.
Tələbələr Azərbaycanın siyasi və iqtisadi tərəfdaşı olan Almaniyanın ölkəmizlə bağlı əlaqələrindən, Ümummilli Lider Heydər Əliyevin Almaniyaya verdiyi dəyərdən, Almaniyanın müxtəlif sahələri arasında bağlanmış sazişlərdə Heydər Əliyevin rolundan danışıblar.
Tədbirdə Heydər Əliyevin Almaniyaya səfərləri ilə bağlı danışılıb, dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri xoş sözlər diqqətə çatdırılıb. Həmçinin Ümummilli Liderin müəllifi olduğu kəlamlar alman dilində səsləndirilib, videoçarx nümayiş olunub.
Qonaqlar çıxışlarında Almaniya-Azərbaycanın qarşılıqlı münasibətlərindən, Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlığından, qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqdan söz açıblar. Eyni zamanda Azərbaycandakı alman koloniyaları, Mingəçevir şəhərində İkinci Dünya müharibəsi zamanı əsir düşmüş almanların kütləvi dəfn olunduğu “Alman qəbristanlığı” adlanan ərazi haqqında məlumat veriblər.
Kafedranın dosenti, fil.f.d. E. Yusifov Almaniyadakı hərbi xidmət illərindən, Heydər Əliyevin dünya arenasındakı nüfuzundan danışıb.
Bildirək ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib. Bu münasibətlə respublikada, o cümlədən Azərbaycan Dillər Universitetində silsilə tədbirlər keçirilir.