Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə" mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb:
“Azərbaycanın milli maraqlarının ən önəmli məsələlərindən olan ərazi bütövlüyü strategiyası daim Ulu öndərin diqqət mərkəzində idi. Ulu öndər rəhbərliyinin birinci dövründə Azərbaycanın ərazi bütövlüyü konsepsiyasını işləyib hazırlamış, ikinci dəfə böyük siyasətə qayıdışından sonra bu strategiyanı əməli işdə həyata keçirməyə başlamışdı.”
Tədbirin moderatoru, BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli bildirib ki, 2022-ci il sentyabrın 29-u tarixli sərəncamı ilə Prezident İlham Əliyev 2023-cü ili müstəqil Azərbaycanın qurucusu, böyük dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev” ili elan edib. Bununla əlaqədar Azərbaycan Respublikasının hər guşəsində olduğu kimi ADU-da da Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətində ərazi bütövlüyü strategiyası mühüm yer tuturdu.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri t.f.d., dosent Xatirə Hacıyeva "Ulu Öndərin ərazi bütövlüyü dövlətçiliyin əsasıdır" strategiyası mövzusunda konsepsiya halında çıxış edərək dahi rəhbərin tarixi ərazilərimizin bərpası uğrunda mübarizəsini mərhələli və sistemli şəkildə təhlil edib. X.Hacıyeva ilk dəfə məhz Heydər Əliyev tərəfindən Xəzərin Azərbaycan sektorunun onun ayrılmaz hissəsi olmasını Konstitutsiyanın 11-ci maddəsinin 2-ci bəndində təsbit olunmasına nail olduğunu qeyd edib. Məhz onun “XIX-XX əsrlər Azərbaycan tarixi yenidən işlənməlidir” konseptindən sonra AMEA-nın Tarix İnstitutunda itirilmiş ərazilərimizin kompleks şəkildə tədqiqinə başlanılıb. Bütün bunlar isə tarixi qayıdış üçün möhkəm elmi konseptual təməl yaratmış oldu.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova “Ulu Öndərin beynəlxalq və regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi” mövzusunda çıxış edərək Heydər Əliyevin çıxış etdiyi bütün təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünün həmişə sülh yolu ilə təmin olunmasının tərəfdarı olduğunu qeyd edib. Bundan başqa 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində Heydər Əliyevin tarixi çıxışını sammitin tarixinə yazılaraq, Azərbaycanın dünyaya ədalət çağırışı kimi qiymətləndirildiyini nəzərə çatdırıb.
Tədbirdə Ulu öndər Heydər Əliyevin fəaliyyət dövrünü əks etdirən, həmçinin Prezident İlham Əliyevin çıxışlarında ibarət video çarxlar nümayiş olunub.