Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzində Skandinaviya mərkəzinin, İndoneziya Araşdırmalar mərkəzinin və İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və beynəlxalq münasibətlər” adlı tədbir keçirilib.
İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin müdiri Emiliya Xudiyeva Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il sərəncamına əsasən ölkəmizdə və eləcə də universitetimizdə silsilə tədbirlərin keçirildiyini və mərkəzlərin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirin də silsilə tədbirlərin davamı olduğunu qeyd edib.
Tədbirdə Heydər Əliyevin dövründə bu ölkələrin Azərbaycan ilə əlaqələri haqqında müxtəlif mövzular üzrə müzakirələr aparılıb.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Fariz Əlizadə “Heydər Əliyev və Azərbaycan-İndoneziya əlaqələri” mövzusunda təqdimatla çıxış edib.
O, təqdimatında Azərbaycan-İndoneziya münasibətlərinin formalaşması tarixi, ikitərəfli əlaqələr, Heydər Əliyevin Azərbaycandan kənarda təhsil almış mütəxəssislər cəmiyyəti ilə görüşü, Azərbaycanda indoneziyaşünaslıq, İndoneziya dilində Heydər Əliyev irsi, İndoneziyada Azərbaycan və Heydər Əliyevlə bağlı keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib.
İsrailşünaslıq ixtisasının 364-cü qrup tələbəsi Tünzalə Qulamova “İsrail-Azərbaycan siyasi əlaqələri Heydər Əliyev dönəmində” mövzusu ilə çıxışında Azərbaycanda yəhudilərə qarşı həmişə xoş münasibətdən bəhs edib, onların burada heç vaxt antisemitizm ilə rastlaşmadığını qeyd edib.
Tələbə iki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycanın dövlət başçılarının görüşlərinin təkan verdiyini, bu münasibətlərin təməlinin isə ulu öndər Heydər Əliyevin dövründə qoyulduğunu və sonradan yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, çıxışı zamanı Heydər Əliyevin birinci prezidentlik dövründən başlayaraq Azərbaycan-İsrail münasibətlərinin pik nöqtəyə yüksəldiyini və strateji ortaqlıq səviyyəsinə qalxdığını qeyd qeyd edib. Tünzalə Qulamova həmçinin, iki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də diqqətlə yanaşdığını, Ulu öndərin hazırladığı xarici siyasət xəttini uğurla davam etdirdiyini dinləyicilərin diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin I kurs tələbəsi Elmir Muradzadə “Azərbaycan-Norveç əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı məqalə ilə çıxış edib. Tələbə çıxışında xarici investorların Azərbaycana cəlb olunmasında və beynəlxalq təcrübənin öyrənilməsində 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətdən və bu müqavilənin imzalanmasının Azərbaycan-Norveç iqtisadi əlaqələrinin inkişafına təsirindən danışıb. Bundan əlavə, E. Muradzadə məşhur norveçli tədqiqatçı Tur Heyerdalın Azərbaycana səfərləri, Qobustan qayaüstü təsvirlərinə olan heyranlığı və Azərbaycanla bağlı ərsəyə gətirdiyi “Odin nəzəriyyəsi” haqqında məlumat verib.
Tələbə həmçinin 2000-ci ildə məşhur səyyahın Kiş kəndindəki Alban məbədi ilə tanışlığı, məbədin bərpa olunmasında göstərdiyi xidmətləri və Heyerdalın Azərbaycanla bağlı nəzəriyyəsini Azərbaycan-Norveç mədəni əlaqələrinin inkişafına əhəmiyyətli təsirini də qeyd edib. Turda Heyerdalın Heydər Əliyev ilə yaxın dostluq münasibətləri və H. Əliyevin Norveçə səfəri zamanı Kon-Tiki muzeyində məşhur səyyahın ona bələdçilik etməsi haqqında da məlumat verilib.
Bununla yanaşı, E. Muradzadə 2011-ci ildə ADU-nun Skandinaviya mərkəzinin təşkilatçılığı ilə “Tur Heyerdal və Azərbaycan” adlı konfransın keçirilməsi, bu konfransda iştirak etmək üçün dünyanın səkkiz müxtəlif ölkələrindən alimlərin dəvət olunması və Heyerdalın da ailə üzvlərinin burada iştirakı haqqında danışıb.
Sonda tələbə Azərbaycan-Norveç təhsil əlaqələri, ADU-da Skandinaviyaşünaslıq ixtisasının yaradılması və Skandinaviya mərkəzinin Norveç universitetləri ilə əməkdaşlığından söz açıb.
BDU-nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (İsrail üzrə) ixtisası təhsil alan və hazırda mərkəzimizdə istehsalat təcrübəsi keçən IV kurs tələbəsi Qəzənfər Sultanov “Heydər Əliyev dönəmində İsrail-Azərbaycan iqtisadi əlaqələri” haqqında çıxış edən İsrail ilə Azərbaycan arasında çox geniş iqtisadi-ticari əlaqələrin mövcud olduğunu, İsrailin Azərbaycan neftinin ən iri neft alıcılarından biri olduğunu diqqətə çatdırıb.
Tələbə çıxışı zamanı Heydər Əliyevin dönəmində bir sıra məşhur İsrail şirkətləri ilə iqtisadi əlaqələrin qurulduğunu və iki ölkə arasında kənd təsərrüfatı və enerji sahəsində fəaliyyətin genişləndirildiyini qeyd edib.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında həmçinin Bakı-Ceyhan neft kəmərinin xüsusi rolu və bu xətt ilə nəql ediləcək neftin birinci alıcısının İsrail dövlətinin olduğu vurğulayıb. Tələbə Qəzənfər Sultanov 2021-ci ildə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliyin və eləcə də 2023-cü ildə Azərbaycanın rəsmi səfirliyinin açılmasının bu əlaqələrin daha da dərinləşməsinə zəmin yaratdığını və Muxtar Məmmədov Azərbaycanın İsraildəki ilk səfiri təyin edildiyini dinləyicilərin diqqətinə çatdırılıb.
Sonda tədbirdə iştirak edən hər kəsə təşəkkür edilib və mövzular ətrafında sual cavab olub.