Azərbaycan Dillər Universitenin (ADU) Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Sonra Dinara Muxtarova tədbirin universitetin Tərcümə fakültəsində yerləşən İsmixan Rəhimov adına auditoriyasında keçirilməsinin təsadüfi olmadığını bildrib. O, Heydər Əliyevin yüksək səviyyəli müəllim və vətənpərvər olduğuna görə İsmixan Rəhimovu "Şöhrət" ordeni ilə təltif etdiyini, Ümumi liderin bu addımının da müəllimə və təhsilə olan diqqət və hörmətin bariz nümunəsi olduğunu qeyd edib.
Təhsil-1 fakültəsinin 312A və 312B qruplarının tələbələri çıxışlarında Heydər Əliyevin təhsilə olan münasibəti, ulu öndərin qısa bioqrafiyası, müəllimlərə və təhsilə verdiyi sayqı və hörməti, Azərbaycan təhsilinə töhfəsi mövzusu, həmçinin Heydər Əliyev adına olan məktəb və liseylər, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər haqqında ətraflı məlumat veriblər.
Tədbirdə Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Xaricdə Təhsil imkanları haqqında da məlumat səsləndirilib.
Bildirək ki, çıxışlar tələbələr tərəfindən hazırlanmış videoçarxlar vasitəsi ilə təqdim olunub. Videolarda fərqli məktəb və universitetlərdə Heydər Əliyevə ayrılan guşələr də təsvir olunub.
Tədbirə Linqvokulturologiya kafedrasinin müdiri professor Məsməxanım Qazıyeva, adı çəkilən kafedranın müəllim heyəti, Təhsil 1 fakültəsinin dekanlıq nümayəndələri Gülmar İsrafilova və Nəzrin Seyidova qonaq qismində iştirak ediblər.
Sonda Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.