Azərbaycan Dillər Universitetində (ADU) Koreyaşünaslıq üzrə 3-cü Beynəlxalq konfransın açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın ADU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Koreya, Özbəkistan və Rusiya olmaqla yeddi ölkədən nümayəndə iştirak edir.
Kamal Abdulla bildirib ki, xalqlar arasında, dövlətlər arasında bu cür konfransların təşkil olunması bir-birimizi daha yaxından tanımaq istiqamətində vacib vasitədir. Rektor konfransın təşəbbüskarı olan Türkiyənin Ərciyəs Universitetinin rəhbərliyinə təşəkkür edib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq konfransın ölkəmizdə keçirilməsindən məmnun olduğunu bildirib:
“Koreyaşünas tədris işçiləri və tələbələrin fədakarlığı və səyləri sayəsində Türkiyə daxil olmaqla, Mərkəzi Asiyanın türkdilli ölkələrində kareyaşünaslığın əhatə dairəsi genişlənib. Bu sahədə fəal tədqiqatlar və insan resurslarının inkişafı Mərkəzi Asiyada kareyaşünaslığın inkişafına töhvə verə bilər. Eyni zamanda gələcək əməkdaşlıq imkanları müxtəlif sahələrdə, akademik müqavilə və əməkdaşlıq vasitəsi ilə dərinləşə bilər. Ümid edirəm ki, konfrans Koreyaşünaslıq tədqiqatlarına dair mütərəqqi müzakirələrə səbəb olacaq və iştirakçılar davamlı olaraq koreya dili və mədəniyyətinə maraq göstərəcək.”
Ərciyəs Universitetinin professoru Göksel Türközü təmsil etdiyi ali təhsil ocağında Koreya Araşdırmalar Mərkəzinin yaranma tarixindən danışıb, layihə haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci ildə universitetdə yaradılan Avrasiya-Koreya Araşdırmalar Mərkəzinin məqsədi Türkiyədə Koreya dilində araşdırmaları inkişaf etdirməkdir.
ADU-nun Türkiyə araşdırmaları mərkəzinin müdiri dosent Elçin İbrahimov konfrans haqqında fikirlərini bölüşüb, tədbirin gələcək böyük perspektivlərindən danışıb.
Sonda konfrans təşkilatçılarına, eyni zamanda universitet rəhbərliyinə təşəkkürnamələr və diplomlar təqdim olunub.
Daha sonra bölmə iclaslarında müxtəlif mövzular üzrə çıxış və təqdimatlar olub.
Qeyd edək ki, konfrans martın 15-də öz işini başa çatdıracaq.