ADU-da “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər çərçivəsində seminar keçirilib
Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər çərçivəsində seminar keçirilib.

Seminarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri və İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos. Nigar Zeynalova sağlamlıq imkanları məhdud (SİM) şəxslərə olan xüsusi və həssas münasibətdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahə üzrə həyata keçirdiyi islahatlardan, birinci xanım Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyi diqqət və qayğıdan, ADU-nun bu istiqamətdə reallaşdırdığı tədbirlərdən, İnklüziv Təhsil Mərkəzinin fəaliyyətindən, həyata keçirilən layihələr, həmçinin könüllülük, təcrübə mübadiləsi proqramından danışıb.

Çıxışı zamanı N. Zeynalova bakalavriatura və magistratura səviyyələrində Korreksiyaedici təlim ixtisasının yaradılmasını, bu ixtisas üzrə təhsil alan tələbələrə Autizm adlı fənnin tədris olunmasını xüsusilə vurğulayıb.

Seminarda "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin mütəxəssisi Nərmin Rəhimli autizmli şəxslərin davranış xüsusiyyətləri, onların təhsilinə düzgün yanaşma və ailələrə dəstək mövzusunda təqdimatla ətraflı çıxış edib.

Qeyd edək ki, keçirilən “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər,  Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən aprel – dünya autizm maarifləndirmə ayı çərçivəsində həyata keçirilir.

Tədbirlərin məqsədi ictimaiyyəti autizm spektr pozuntusu haqqında məlumatlandırmaq və autizmli şəxslərə düzgün münasibət aşılamaqdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo