Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tarixi köklərə malik, zəngin mədəni irsə sahib ali təhsil ocağıdır:
“Bu gün tarixi bir gündür. Bu tarixi gündə hər birimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı öz xoş arzu və istəklərimizi bildirmək üçün toplaşmışıq. Görkəmli incəsənət xadimləri ilə görüş, onlarla ünsiyyət hər zaman yaddaqalan olur və insanlar həmin görüşləri xoş bir xatirə kimi xatırlayır. Bir daha sizi və kollektivinizi təbrik edir, sizə cansağlığı və uğurlar arzu edirəm”.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova səmimi qarşılanmaya və xoş sözlərə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib: “Bu gün ikiqat fəxr hissi keçirirəm. İlk növbədə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya təşəkkürümü bildirirəm ki, universitetimizin 100 illik yubileyini keçirmək üçün bizi dəvət etdi. Çox şadıq, xoşbəxtik ki, sizinlə birlikdə bu əlamətdar tarixi qeyd edirik. Fəxr edirəm ki, cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə bu cür qədim ənənələri olan universitetə rəhbərlik edirəm və mənim rəhbərlik etdiyim dövr 100 illik yubileyin qeyd olunduğu ilə təsadüf edir. Mədəniyyət və incəsənət xadimləri ilə, məşhur sənətkarlarla birlikdə işləmək mənim üçün böyük fəxrdir”.
Daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri adından müxtəlif xarici dillərdə ADMİU-nun 100 illiyi ilə bağlı təbriklər səsləndirilib.
Tədbir hər iki universitetin əməkdaşlarının və tələbələrinin birgə hazırladıqları konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur.