ADU-da “Milad” yarmarkası keçirilib
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə ADU-nun 2 saylı binasında (Təbriz 81) “Weihnachtsmarkt“ (Milad yarmarkası)  adlı tədbir keçirildi.

Yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramı dünyanın müxtəlif yerlərində fərqli şəkildə qeyd olunur. Almaniyada Milad bayramı daha təntənəli şəkildə keçirilir. Bu ölkə dünyada gözəl Milad yarmarkaları ilə tanınır.

Pandemiyadan qabaq kafedra olaraq biz də bu yarmarkanı təşkil edirdik. Dilini öyrəndiyimiz xalqın adət-ənənəsinə sadiq qalaraq tələbələrdə nağılvari bayram ruhunu yaratmaq məqsədilə bu yarmarkanı yenidən keçirmək qərarına gəldik. Təklifimizi bəyənib bizə şərait yaratdığına görə hörmətli rektorumuz akademik Kamal Abdullaya kafedramız, xüsusilə tələbələr adından təşəkkür edirəm. Yarmarkada evdə hazırlanmış şirniyyat, tələbələrin əl işləri, kitab, Milad bayramı dekorasiyası və s. əşyalar nümayiş olunur.

Yarmarkada ADU-nun Elmi İşlər üzrə prorektoru Novruz Məmmədov, Rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, MM deputatlarından Arzu Nağıyev, Elman Nəsirov, Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov, Qərbi Azərbaycan İcmasının koordinatoru Fərhad Qənbərov iştirak etdilər.

Tədbirdə Milad bayramının atributları təqdim olundu. Bu bayramda uşaqları ən çox maraqlandıran Adventskalender - Milad təqvimi olur. Advent təqvimi Milad bayramının ayrılmaz bir hissəsidir. Bu təqvim Adventin əvvəlindən (yəni dekabrın 1-dən) Milad ərəfəsinə qədər vaxtı hesablamaq üçün ailə üsuludur. Adventskalender 24 pəncərə və ya qapısı olan təqvimdir. Dekabrın 1-dən 24-nə kimi qapının biri açılır. Qapının arxasında hər kəsi müxtəlif sürprizlər gözləyir.

Milad bayramının ikinci atributu Adventskranz –4 şamdan ibarət olan çələngdir. Miladdan əvvəl hər bazar günü bir şam yandırılır. 4-cü şam yandıqda artıq Advent bitir, "Müqəddəs gecə" başlayır. 

Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, Nikolaus, yəni Şaxta Babadır. Şaxta Baba obrazının ilham mənbəyi kimi 4-cü əsrdə yaşamış Müqəddəs Nikolaus qəbul edilib. O, yoxsul insanlara gizli olaraq hədiyyələr verən və köməklik göstərən din adamı olmuşdur. Şaxta Baba Milad axşamında bacalardan evlərə girir, uşaqlara hədiyyə qoyur. Uşaqlar sobanın qarşısına üzərində Milad təsvirləri olan iri corablar asırlar ki, Şaxta Baba onun içini hədiyyələrlə doldursun.

Milad bayramının ən vacib atributlarından olan Şaxta Baba Universitetimizin tələbələrini də unutmamışdır. O, Alman dili müəllimliyi” ixtisası üzrə unversitetə ən yüksək balla qəbul olmuş 4 tələbə və universitetin ictimai həyatında fəal olan 4 xəlifə tələbəyə kitab hədiyyə etdi.

Yeni İlin atributu olaraq Şam ağacı dünyanı fəth etdikcə insanlar bu atributu öz adət-ənənələrinə, dəyərlərinə, həyat tərzlərinə uyğun bəzəməyə başladılar. Bir növ bunu etməklə arzularının çin olacağına əmin olurlar və özlərində güvən, həyat eşqi yaradırlar ki, bundan da gözəl heç bir şey yoxdur. İnsanlar, millətlər, fikirlər nə qədər müxtəlifdirsə, onların ümidləri, gözləntiləri də bir o qədər müxtəlifdir. Müasir dövrdə artıq Şaxta Baba nə sobadan girir, nə də corabların içinə hədiyyələr qoyur. Lakin yenə də böyükdən-kiçiyə hər kəs Bayram günü hədiyyəsini Şam ağacının dibində axtarır.

Bu bayram insanları birləşdirir, onlara paylaşmağı, sevməyi və ümid etməyi öyrədir. Uşaqdan böyüyə hər kəs bu bayramda öz hədiyyəsini gözlədiyi üçün kafedra olaraq “H.Əliyev ili” çərçivəsində tələbələrin tərcümələrindən ibarət “H.Əliyev 100. Sitatlar və kəlamlar” adlı kitabının maketi H.Əliyev lektoriyasına,  universitetin 75 illik yubileyi münasibətilə hazırlanmış hədiyyə isə ADU-nun yeni yaradılmış Muzeyinə təqdim olundu.

Bu bayramda insanlar möcüzələrin olacağına, növbəti ilin daha gözəl keçəcəyinə inanırlar. Əslində elə inamın özü də möcüzə deyilmi? İnanaq, gözəl şeylərə inanaq ki, reallaşsın, dünya da gözəlləşsin. Bu bayramın mühiti soyuğu dəf edərək ürəkləri isidir.

Biz də öz növbəmizdə ürəyində daima ümid və inam işığını qoruyan hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  təbrik edirik.

Tədbirdən sonra sehirli Yeni il əhval-ruhiyyəsi yaşamaq üçün yarmarkaya baxış keçirildi.

Xeyriyyə məqsədilə keçirilən yarmarkaya çıxarılmış məhsulların satışından əldə olunan 1500 azn vəsait “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbənin təhsil haqqının ödənilməsinə yönələcək.

 

fil.f.d., dosent Xuraman Səlim qızı Əsgərova

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo