ADU-da professor Adil Babayevin 85 illik yubileyi qeyd olunub
Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü Adil Babayevin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Adil Babayev haqqında ürək sözlərini bildirib. Qeyd olunub ki,  dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlika, habelə bədii yaradıcılıqla məşğul olan alim məhsuldar elmi fəaliyyəti ilə diqqət çəkir:

“Adil müəllim uzun illər kafedra müdiri kimi fəaliyyət göstərib, müxtəlif vəzifələrdə çalışıb. O, həmişə kollektivin hörmətini qazanıb. Çünki Adil müəllim öz işini sevən, qayğıkeş və səmimi insandır. Onun işini sevməsi, qayğıkeşliyi, səmimiyyəti bu gün də müəllim və tələbələr üçün nümunədir, örnəkdir. Mən Adil müəllimə cansağlığı, könül xoşluğu və işlərində uğurlar arzu edirəm”.

Daha sonra Adil Babayevin həyatından bəhs edən video rolik izlənilib. Adil Babayevin müəllifi olduğu pyes əsasında hazırlanan tamaşa təqdim olunub. Qeyd olunub ki, alimin indiyədək 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunub. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifi olan Adil Babayev 12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı” Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən fasiləsiz nümayiş olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Adil Babayev haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, professor Adil Babayev gənc alimlər üçün elmi təcrübəsini, dərin biliyini heç vaxt əsirgəməyib:

“Bu gün doğrudan da bayram təntənəsi var. Soyumuza, kökümüzə, dünənimizə bağlılıq, Adil müəllim kimi insanların yubiley mərasimlərini keçirmək, ona dəyər vermək böyüklükdür, buna görə Kamal müəllim sizə təşəkkürümü bildirirəm. Biz tələbə olanda Adil Babayevin “Dilçiliyə giriş” kitabını oxumuşuq. Bu gün də oxuyuruq. Adil müəllim, sizin imzanız publisistik sahədə, poeziyada, dramaturgiyada, elm sahəsində o qədər çoxşaxəlidir ki, bu haqda çox danışmaq olar”.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - baş müəllim Elnarə Yəhyayeva, müəllim Aytac Rüstəmova, filoloq Nəriman Seyidbəyli, ADU-nun MHİK sədri, dosent Misgər Məmmədov, professorlar İsmayıl Məmmədov, Arif Hüseynov, Şaban Şabanov yublyarın həyat və elmi fəaliyyəti haqqında təbrik nitqi söyləyiblər.

Tədbirdə yubilyara xatirə hədiyyələri və gül dəstələri təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo