ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub
 Aprelin 28-də Azərbaycan Dillər Universitetində Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.
       ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Fəxrəddin Veysəllinin elmi fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, elmdə öz sözü və yolu olan görkəmli alim Fəxrəddin Veysəllinin dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində xidmətləri danılmazdır.
    Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A.Cunusbəyov, özbək A.Avazbayevin, türkmən S.Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir: “Fəxrəddin müəllim dilçilik elminin inkişafında böyük əməyi və xidmətləri olan görkəmli alimlərimizdən biridir.
Onun elmi fəaliyyəti nəinki Azərbaycan, həm də dünya elminə də öz töhfələrini verib. Müəllifi olduğu elmi metodik vəsaitlər, dərsliklər ali təhsil ocaqlarının əsas tədris bazası rolunu oynayır. Fəxrəddin müəllim elmi fəaliyyətində olduğu kimi, həyat yolunda da sadiq dost, qayğıkeş yoldaş kimi tanınır.
   Fəxrəddin müəllimə can sağlığı və könül xoşluğu arzu edirik”. Rusiya Elmlər Akademiyasının kollektivinin yubilyara ünvanlanan təbrik məktubu oxunub. Məktubda Fəxrəddin Veysəllinin elmi yaradıcılığının yüksək dəyəri və əhəmiyyəti qeyd olunub.
    Daha sonra BDU-nun tələbəsi Aişə Heybətlinin qiraətində Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri səsləndirilib. Professor Fərman Zeynalov yubilyarın elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Fəxrəddin Veysəlli 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R.O.Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi.
    Fəxrəddin müəllim məşhur fonoloq N.S.Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir. F.Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T.Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər.
   Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir. Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli, professor Azad Məmmədov, şair Zakir Fəxri, professor Əsmətxanım Məmmədova, BDU-nun dosenti Yaşar Alxasov yubilyarı təbrik edib, ürək sözlərini söyləyiblər. Tədbirin sonunda ADU tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş olunub.






Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo