ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib
Aprelin 7-də Azərbaycan Dillər Universitetində Rektoryanı şuranın növbəti iclası keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələlər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin beynəlxalq nüfuzu yüksəlib, dünya təhsil sisteminə inteqrasiyası istiqamətində bir sıra vacib uğurlara imza atılıb. Bildirilib ki, QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub. Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub. QS reytinq cədvəli ilə bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla  görüləcək işlərin əhəmiyyətini vurğulayıb və müvafiq strukturlara göstərişlərini verib:

“Bu uğurun qazanılmasında hər bir universitet əməkdaşının payı var. Bu mənada hər bir universitet əməkdaşını təbrik edirəm. Bu nailiyyət təkcə universitetimiz üçün deyil, həmçinin Azərbaycan elmi və təhsili üçün də böyük uğurdu. Biz bundan sonra da çalışmalıyıq ki, uğurlarımızın davamı gəlsin, digər sahələr üzrə də reytinq cədvəlində özümüzə yer qazana bilək. Elm və təhsil reytinqlərində daha ön cərgələrdə yer almağımız üçün lazım olan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməliyik. Bu istiqamətdə kafedralara, mərkəzlərə, tədqiqatçılara, alim və professorlarımızın üzərlərinə daha çox iş düşür. İnanıram ki, bundan sonra da alimlərimiz üzərlərinə düşən işin öhdəsindən layiqincə gələcək”.

Tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi QS reytinq cədvəli və onun iş prinsipləri haqqında məlumatlandırıcı slayd təqdim edib. Qeyd olunub ki, universitetin dünya reytinq cədvəlində yer alması əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan Dillər Universiteti öz sahəsi üzrə qabaqcıl ali təhsil müəssisələrindən biridir.

Rektoryanı şura müzakirələrlə davam edib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo