ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür
Azərbaycan dilinin siyasi nüfuzu yeni dövrdə sürətlə yüksəlir. Müstəqillik şəraitində dövlət dilinin yüksəlişi sahəsində görülən işlər ciddi tarixi bazaya arxalanır.

Bu gün Azərbaycan dilinin tədrisi ilə bağlı dünyanın bir sıra nüfuzlu elm ocaqlarında təqdirəlayiq işlər görülmüşdür.

Əlbəttə ki, bu məqamda Azərbaycan Dillər Universitetinin xarici universitetlərlə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsini vurğulamaq yerinə düşərdi.

Xaricdə Azərbaycan mədəniyyətinin və dilinin tədrisi məqsədilə ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbüsü ilə dünyanın bir çox öncül universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradılmışdır.

Bu mərkəzlərin əsas məqsədi bütün dünyada Azərbaycan dilinin təşviqi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına dəstək olmaq, eləcə də Azərbaycanın bugünkü simasının mədəni həyatı və açıq cəmiyyəti haqqında informasiyalar vasitəsi ilə təqdim olunmasına nail olmaqdır.

2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyətə başlayan  “Azərbaycan dili və mədəniyyəti mərkəzi” və həmin il mayın 21-də qarşılıqlı olaraq,  ADU-da “Serb dili və mədəniyyəti mərkəzi” nin yaranmasından artıq 5 il ötür.

Dövlətlərarası münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın formalaşmasında və inkişafında hər iki mərkəzin fəaliyyəti əvəzsizdir.  Mərkəzlər 5 il ərzində bir çox tədbirlərə, simpoziumlara, konfranslara, müdafiələrə, kitab təqdimatlarına və bir çox önəmli tədbirlərə ev sahibliyi etmişdir.

Universitetlərarası fəal əlaqələr həmçinin müəllim tələbə mübadiləsində də özünü göstərir.

Hər iki universitetin müəllimləri 5 il ərzində müvafiq olaraq Bakıda, Belqradda akademik ezamiyyətdə olublar. Bu günə qədər 10 a yaxın tələbə dövlət proqramı çərçivəsində Serbiyada təhsil almaq şansı qazanıb. Onlardan bəziləri artıq təhsilini başa vurub, bəziləri isə hələ də təhsilini davam edirlər.

Hər iki ölkənin dilinin və mədəniyyətinin təbliği çərçiçivəsində, eləcə də, hər iki xalqın milli dəyərlərinin tanıtdırılmasında mərkəzlərin rolu xüsusi əhəmiyyətə malikdir.

Serb dili və mədəniyyəti mərkəzinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Məcidova və Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Günel Babanlının nəzarəti ilə hər iki mərkəz bərabərhüquqlu tərəfdaş kimi, müxtəlif milli və regional mədəni adət-ənənələrin qəbul olunmasına köməklik edilməsi və iki dövlətin bir-birinin mədəniyyətinə qarşı olan tolerantlığının artırılması üçün mütamadi olaraq çalışır.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo