ADU-da “Şuşa Türk dünyasının mədəniyyət beşiyidir” adlı tədbir keçirilib
Azərbaycan  Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi Mənsurə İsmayılovanın təşəbbüsü, Filologiya fakültəsinin 137-ci qrup tələbələri ilə birgə təşkilatçılığı ilə “Şuşa Türk dünyasının mədəniyyət beşiyidir” adlı tədbir keçirilib.

Tədbirdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri professor Ülfət İbrahim, b.m S. Əyyublu və digər kafedra əməkdaşları iştirak ediblər.

Filologiya fakültəsinin 137-ci qrup tələbələri-  Fatimə Əliyeva və Röya Hüseynzadə “Şuşanın tarixi şəxsiyyətləri”,  Roza Məmmədova və Zeynəb Bəbirova  “Şuşanın tarixi abidələri”,  Nəzrin Quliyeva və  Mehriban Səfiyeva “Şuşa mətbəxi”, Fidan Cavadova və  Aysu Baxışlı “Xaribülbül”, Məlahət Abdullayeva və Nərmin Həmidova “Şuşa haqqinda ümumi məlumat”, Sara Babaşzadə və İlahə Qafarova “Şuşa türk dünyasinin mədəniyyət beşiyi kimi” mövzularında slayd vasitəsi ilə  çıxış edib, mahnı və şeirlər səsləndiriblər. 

 

Kafedra müdiri professor Ülfət İbrahim çıxışında  44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıb.

Tədbirdə b.m. S. Əyyublu  çıxışında təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin yaranma tarixindən, Şuşa haqqında olan kitablardan danışıb, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs edib.

Mənsurə İsmayılova çıxışında Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşmasından danışaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini qeyd edib.

Tədbir  Şuşa şəhərinin tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo