Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 1 fakültəsində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Qəribə Əlizadənin təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyevin 100 illiyi” mövzusuna həsr olunmuş açıq dərs keçirilib.
Açıq dərsdə Təhsil 1 fakültəsinin 101 A/B ;103 A/B ;114 A/B qrup tələbələri iştirak edib.
Adıçəkilən fakültənin dekanı Professor Fikrət Cahangirov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi inkişafında, ölkəmizin dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.
Tələbələr- Aybəniz Yusibova (103 B), Nərminə Səfərli (103 B), Jalə Mehdizadə (103 A), Kənan Qasımov (114 A) çıxışları ilə fərqləniblər.
101A qrup tələbəsi Leyla Məmmədova çıxışında Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxt mədəni tədbirləri haqqında məlumat verib.
Baş müəllim Qəribə Əlizadə Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsini, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, onun əbədi, dönməz xarakter almasını, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsini, onun beynəlxalq nüfuzunun sürətlə artmasını Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu qeyd edib.
Bildirilib ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarında ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Dərsdə videoçarxlar, slaydlar da nümayiş olunub.