ADU-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş
Azərbaycan Dillər Universitetində  Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan - Böyük Britaniya ictimai-siyasi və Ədəbi əlaqələri" adlı tədbir keçirilib.

Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, fil.e.d., professor Aynur Sabitova "Azərbaycan - Böyük Britaniya ictimai-siyasi əlaqələrinin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda çıxış edib.

O, Heydər Əliyevin keçmiş sovetlər dövründə və müstəqillik illərində ölkəmizin dünya arenasında tanınması yolunda atdığı mühüm addımlardan söz açıb. Eyni zamanda,  A.Sabitova ölkəmizin Böyük Britaniya ilə tarixi əlaqələrinin bərqarər olunmasında Ulu öndərin müstəsna rolunu, bu ölkəyə tarixi səfərlərini və ikitərəfli münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanmasını qeyd edib.

Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər sırasında bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edən professor ölkəmizin Böyük Britaniya ilə əlaqələri çərçivəsindəki xüsusi tarixi günləri vurğulayaraq Heydər Əliyevin apardığı siyasətin cənab prezident İlham Əliyevin uğurla həyata keçirilməsindən, ölkəmizin hərtərəfli inkişafından bəhs edib.

Kafedranın dosenti fil.f.d. Ülviyyə Əliyeva "Azərbaycan-Britaniya əlaqələrində milli mənəvi dəyərlər Heydər Əliyev simasında" mövzusunda çıxış edərək, Ümummilli liderin Britaniyaya rəsmi səfərləri zamanı diqqət çəkən maraqlı məqamlara toxunub.

Ü. Əliyeva qədim tarixə malik Azərbaycan və Böyük Britaniya arasında iqtisadi, siyasi, sosial və ədəbi əlaqələrin möhkəmləndirilməsi yönündə Heydər Əliyevin ölkənin müxtəlif bölgələrinə etdiyi rəsmi səfərləri haqqında məlumat verib, Ümummilli liderin tarix, dil və mədəniyyət kontekstindəki çıxışlarından əhəmiyyətli nümunələri iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan - Böyük Britaniya ədəbi əlaqələrinin daha çox bilinqvistik aspektlərini qeyd edən kafedranın müəllimi, şair və tərcüməçi Qismət Rüstəmov müstəqillik illərində hər iki dil üzrə həyata keçirilmiş tərcümə işləri barədə qonaqlara ətraflı məlumat verib.

O, Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlillinin bu istiqamətdə gördüyü çoxşaxəli işlərini, xüsusilə tərcümə və tadqiqatlarla bağlı kitablarının əhəmiyyətindən danışıb, Azərbaycan Tərcümə Mərkəzinin, "Dünya ədəbiyyatı", "Xəzər" jurnalının bu iki dildə apardığı tərcümə işləri haqqında söhbət açıb.

Çıxış zamanı ingilis ədəbiyyatının klassik və müasir yazıçı və şairlərinin tərcümələri və Azərbaycanın klassik müəllifləri ilə yanaşı görkəmli şairimiz Zakir Fəxrinin və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlər kitabının təcümələri xüsusi vurğulanıb.

Filologiya fakültəsi üzrə IV kurs tələbəsi Sənan Cabbarlı “Azərbaycan-B.Britaniya əlaqələri mətbuat və təhsil kontekstində” mövzusunda çıxış edib.

Londonda yerləşən “Azərbaycan mədəniyyəti mərkəzi”, “Böyük Britaniya azərbaycanlıları cəmiyyəti”, o cümlədən 2000-ci ildə əsası qoyulan “Azərbaycan-B.Britaniya gənclər cəmiyyəti”nin məqsədyönlü fəaliyyətləri barədə məlumat verən Sənan Cabbarlı BBC kanalının Azərbaycan studiyasının Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulanıb, həmçinin, ölkəmizdə fəaliyyət göstərən Britaniya şurasının (British Council) tələbələrimiz üçün yaratdığı imkanlardan bəhs edib.

Sonda professor Aynur Sabitova tədbiri yüksək qiymətləndirib, növbəti aylarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunmuş Azərbaycanın digər ölkələrlə də əlaqələri mövzusunda silsilə tədbirlər keçirməyi və bunun konfrans səviyyəsində təşkil olunması təklifini irəli sürüb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo