Bu günlərdə QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi açıqlanıb. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.
Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub. Bu ali təhsil universitetlərindən biri Azərbaycan Dillər Universitetidir (ADU). Universitet “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.
Bu münasibətlə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və bu ali təhsil ocağının ünvanına universitetin əməkdaşlıq etdiyi yerli və xarici təhsil müəssisələrindən təbrik məktubları daxil olur. Həmin təbrik məktublarını təqdim edirik.
Fransanın Nim Universitetinin professoru Silvi Joseran:
“Azərbaycan Dillər Universitetinin dünyanın ən nüfuzlu universitetləri arasında yer alması xəbərindən çox sevindim. Bu, cənab rektorun xeyirxah və tələbkar nəzəri atında universitetin bütün heyətinin illərlə həyata keçirdiyi keyfiyyətli işin müstəsna nəticəsidir. Bu münasibətlə bir daha cənab rektor, Sizi və kollektivinizi təbrik edirəm. Yenidən Azərbaycan Dillər Universitetində olmaqdan çox məmnun olaram”.
İspaniyanın Bask Ölkə Universitetinin professoru Maria Martinez Adrian:
“Bizə məlumdur ki, ADU-da fəaliyyət göstərən 20-dən çox ölkəni təmsil edən mərkəzlər var. Tələbələriniz bu mərkəzlər sayəsində həmin ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənə bilirlər. Həmçinin də, müxtəlif proqramlar, ikili diplom layihələri çərçivəsində digər ölkələrdə təhsil alırlar. Bizim universitetlə 2013-cü ildən etibarən Erasmus+, Erasmus Mundus layihələri çərçivəsində əməkdaşlıq edirsiniz. Bu bizim üçün böyük şansdır. QS (World University Rankings) reytinqində universitetinizin yer alması dünya gənclərinə arzuladığı universitet seçimində köməklik göstərəcək, eyni zamanda universitet haqqında ətraflı şəkildə tədrisin keyfiyyəti, tələbə həyatı, karyera inkişafı, tədqiqat sahələri və s. haqqında məlumatları Azerbaijan University of Languages: Rankings, Fees & Courses Details | Top Universities saytından əldə edə biləcəklər. Mən buna çox şadam”.
Alman Akademik Mübadilə Xidmətinin Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul:
“Hörmətli rektor, Sizə və Azərbaycan Dillər Universitetinin kollektivinə QS 2023 “Müasir dillər” üzrə dünya universitetlərinin reytinqinə daxil olmanız münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu, Sizin Azərbaycanda ali təhsilin bu sahəsində mükəmməl fəaliyyətinizin layiqli nominasiyası və göstəricisidir. Fəxr edirəm ki, bizim üç DAAD müəllimlərimizdən biri Bakıda, Azərbaycan Dillər Universitetində çalışır. Mən bu fürsətdən istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, DAAD beynəlmiləlləşmə və təhsilin keyfiyyətinin yüksəldilməsini təşviq edən layihələri dəstəkləməkdən və onlara töhfə verməkdən həmişə məmnundur. DAAD-ın Tiflisdəki Regional İdarəsi əməkdaşları da mənim təbriklərimə qoşulur və bütün səylərinizdə davamlı uğurlar arzulayırlar.”
Germanistika İnsitutunun rəhbəri professor Ziqlinde Hartman:
“Hörmətli rektor, universitetinizin QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Dillər Universitetinin “müasir dillər” üzrə dünyanın ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması şübhəsiz ki, Sizin beynəlxalq elmi əməkdaşlıq sahəsində göstərdiyiniz səylər və bu istiqamətdə gördüyünüz işlər sayəsində mümkün olmuşdur. Reytinqin qiymətləndirmə indikatorlarından biri də universitetdə fəaliyyət göstərən əcnəbi müəllimlərin sayıdır. Bu baxımdan Sizin bu ərəfədə ADU-da müəllim və təlimçi fəaliyyətinin xanım Liza Brandt tərəfindən davam etdirilməsini dəstəkləməniz bizi çox sevindirir. Sizə bir daha dərin təşəkkür edir və səmimi təbriklərimi qəbul etmənizi xahiş edirəm.”
Milli Qəhrəman M. İbrahimov adına Biləsuvar liseyin direktoru Aqşin Bağırov:
“Hörmətli Kamal müəllim, rəhbərlik etdiyiniz ali təhsil ocağı Azərbaycan təhsil sistemində önəmli yer tutan və zəngin ənənələri olan universitetdir. Zaman-zaman bütün cəmiyyətlərdə insanların xarici dil oyrənmək, digər xalqların mədəniyyəti, tarixi ilə tanış olmaq kimi marağı və istəyi olmuşdur. Təsadüfi deyil ki, belə bir deyim var: “Çox dil bilən adamın sanki bir qıfıla bir neçə açarı var”. Bunun üçün daim insanlara xarici dilləri öyrədən mütəxəssislərə va müəssisələrə ehtiyacı olmuşdur. Azərbaycan Dillər Universiteti xalqımızın, dövlətimizin bu istəyindən, ehtiyacından yaranan universitetdir. Müstəqilliyimiz bərpa edildikdən sonra dövlətimizin dünyada maraq və siyasətinin təmsil olunmasında ADU-nun rolu böyük olmuşdur. Universitetin məzunları həmişə öz bilik və bacarıqları ilə fərqlənmiş, müxtəlif sahələrdə dövlətimizi layiqincə təmsil etmişlər.”
Bərdə rayonunda müvəqqəti yerləşmiş Ağdam 1 saylı məktəbin direktoru Çimnaz Kərimova:
“Hörmətli akademik Kamal Abdulla, sizi və kollektivinizi “müasir dillər” üzrə dünyanın ən yaxşı universitetləri qrupuna daxil olmağınız münasibətilə ürəkdən təbrik edir, sevincinə qoşularaq sizlərə sağlam, mənalı ömür arzulayırıq. Sizinlə əməkdaşlıq etdiyimiz üçün qürur duyuruq. Bir daha ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.”
Mingəçevir rayonunda müvəqqəti yerləşmiş Ağdam 47 saylı məktəbin direktoru Zülfiyyə Əliyeva:
“Dünyanın 1954 nüfuzlu ali təhsil müəssisəsi arasında 304-cü yerdə olan Azərbaycan Dillər Universitetinin adını saytlarda oxumaq məni həm sevindirdi, həm də həyəcanlandırdı. Universitet bu yüksək reytinqə uzun illər gərgin əmək sayəsində nail olmuşdur. Bu işdə hər bir professorun, müəllimlərin, tələbənin payı vardır. Bu reytinqin qazanılmasında universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın xidməti əvəzsizdir. Kamal müəllim müasir tələblərə cavab verən, dünyanın ən yaxşı ali təhsil ocaqları ilə rəqabət edə biləcək universitet yaradılmasına nail olmuşdur.”
Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev:
“Hörmətli Kamal müəllim, Sizi rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin “müasir dillər” üzrə dünyanın ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması münasibətilə ürəkdən təbrik edirəm. Bizim - şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan Dillər Universiteti ilə daim yüksək səviyyədə əməkdaşlığı olmuşdur. Bunun nəticəsidir ki, Sizin göstərişinizlə 2019-cu ildə məktəbimizdə universitet tərəfindən təchiz olunmuş fənn kabinetinin açılışı baş tutub. Dəfələrlə universitet hesabına şagirdlərimizin Azərbaycan Dillər Universitetində keçirilmiş konfransda iştirakı təşkil olunmuşdur. Həmçinin Sizin təşəbbüsünüzlə təcrübəçi tələbələr ucqar bir kənd məktəbində - Cocuq Mərcanlı məktəbində təcrübə keçiblər. Sizin rəhbərlik etdiyiniz universitet daim uğurları ilə, tələbələrə fərqli yanaşması ilə seçilib. Bu da Sizin elmə, təhsilə nə qədər önəm verdiyinizi göstərən ən başlıca amildir. Sizə və rəhbərlik etdiyiniz kollektivə uğurlar arzulayır, dünya universitetlərinin reytinq cədvəlində həmişə yüksəklərdə olmağınızı arzu edirəm.”