ADU-nun əməkdaşları mükafata layiq görülüblər
Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.

Tədbir Milli Qəhrəman Çingiz Mustafayev adına Fondu,  Milli Azərbaycan Tarixi Muzeyi, “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danimarkanın məşhur “OBaku” şirkətinin təşkilatçılığı ilə keçirilib.

Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq qonaqları müstəqilliyimizin 105-ci ili münasibəti ilə təbrik edib, Azərbaycan milli dövlətçilik tarixinin əsasını qoymuş Cümhuriyyət dəyərlərinin bu gün də müasir Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını qeyd edib.

“Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında tədbirin yeni məzmunda keçirildiyini bidirərək, müstəqilliyimizin bərpasından keçən son 32 ildə Cümhuriyyət tarixinin tədqiqinin, bu mövzuda sənət əsərlərinin yaradılması sahəsində görülmüş işlərə ümumi nəzər salmaq,  Azərbaycan Cümhuriyyəti tarixi və onun əhəmiyyəti, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran yeni vəzifələri müəyyən etmək məqsədi daşıdığını qeyd edib.

Tədbir Cümhuriyyət tarixinin araşdırılmasına töhfə vermiş qurumların fəaliyyəti, bu mövzuda müxtəlif sahələrdə əsərlər yaratmış elm və sənət adamlarının əməyi qeyd edilməklə siferblatında Azərbaycanın xəritəsi göstərilən, “Azərbaycan-105. 1918-1923” yazıları olan və 105 ədəd istehsal edilən “OBaku” brendinin xüsusi saat kolleksiyası ilə təltif olma mərasimi ilə davam edib.

Tədbirdə Cümhuriyyət irsinin tədqiqi ilə bağlı ADU-nun əməkdaşları, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova 2019-cu ildə nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili”, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov isə 2018-ci ildə çap edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri” monoqrafiyalarına görə mükafata layiq görülüblər.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo