Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm məsələləri üzrə rektorun müşaviri, professor Qaley Allahverdiyev Kazan şəhərində işgüzar səfərdə olub.
Professor səfəri zamanı Kazan şəhərində keçirilən “Kazan Forumu”nda iştirak edib. Müxtəlif sahələr üzrə bölmələrdən ibarət olan forumda Qaley Allahverdiyev Elm və Təhsil bölməsində iştirak edib.
O, Kazan Federal Universitetinin rektoru Safin Lenar Rinatoviçlə, universitetin Xarici əlaqələr üzrə prorektoru Alişev Timurxan Bulatoviç və KFU-nun tərkibinə daxil olan Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Xayrutdinov Ramil Raviloviçlə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb, əməkdaşlıq haqqında qarşılıqlı razılaşmanın layihəsi qarşı tərəfə təqdim edilib. Qarşılıqlı razılaşmaya əsasən hər iki universitetdə dil və mədəniyyət mərkəzlərinin açılmasına dair razılıq əldə olunub. Belə ki, Kazan universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi, ADU-da isə Tatar dili və mədəniyyəti mərkəzinin açılması nəzərdə tutulur. Eyni zamanda Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Kazan Universitetində dəyirmi masa keçirilməsi də qeyd olunub.
Həmçinin “Vahid Rusiya” fraksiyasının Tatarıstan Respublikasının dövlət şurasındakı üzvü və həmin şuranın təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə komitəsinin sədr müavini Rıbakova Lyudmila Nikolayevna ilə görüş keçirilib. Bildirilib ki, Lyudmila Nikolayevna müzakirə edilən məsələlərə tam dəstəyini ifadə edib.
Səfər zamanı Tatarıstan Elmlər Akademiyasının Q. İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda da görüş keçirilib. Elmlər Akademiyasının akademiki və vitse prezidenti Zaqidullina Daniya Fatixovnanın və İnstitutun direktoru Akademiyanın müxbir üzvi Minnullin Kim Muqallimoviçin iştirakı baş tutub. Görüşdə ADU- ilə adıçəkilən institut arasında qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirə olub.