ADU-nun rektoru Dövlət Rus Dili İnstitutunun əməkdaşları ilə görüşüb
Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuriy Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor bildirib ki, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə ADU-nun Rusiyaşünaslıq Elmi Mərkəzinin sıx və faydalı əlaqələri var, bu əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar mövcuddur.

Kamal Abdulla universitetdə mövcud olan dil və mədəniyyət mərkəzləri, eyni zamanda müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında məlumat verib. Qeyd olunub ki, ADU-nun Rusiya, Çin, Pakistan, İndoneziya, Serbiya və Rumıniyada mərkəzləri fəaliyyət göstərir. Görüşdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda fəaliyyətə göstərməsi haqqında da müzakirə aparılıb.

Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuriy Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universiteti haqqında müsbət təəssüratlarını bölüşüb, iki ali təhsil ocağının müxtəlif istiqamətlərdə olan əməkdaşlığına diqqət çəkiblər. Qeyd olunub ki, təşkil olunan elmi seminarlara, master-klasslara tələbələr və universitet əməkdaşları tərəfindən böyük maraq göstərilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo