Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Bakı Beynəxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə cari ilin 14-15 mart tarixlərində Bakıda “İslamofobiya ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar” mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransın uğurla başa çatmasında Sizin rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin tələbələrinin də xüsusi payı vardır. Belə ki, universitetin müxtəlif fakültələrindən olan 16 tələbəsinin könüllü olaraq konfransın keçirildiyi müddətdə 30 xarici ölkədən gələn araşdırmaçı alimlərin Heydər Əliyev Hava Limanında qarşılanmasında və yola salınmasında, Fairmont Bakı Hotelində yerləşdirilməsində, konfrans günlərində qeydiyyatın aparılmasında, panel müzakirələrində, eyni zamanda müxtəlif görüş və ziyarətlərdəki işlərin təşkilində fəallıq göstəriblər.
Hörmətli Kamal müəllim,
Rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin tələbələrinin beynəlxalq konfransın təşkilində iştirakına yüksək səviyyədə şərait yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk”.