Yanvarın 5-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərlinin təşəbbüsü ilə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələri “Milli İncəsənət Muzeyi”nə ekskursiya ediblər.
Tələbələr əvvəlcə mezeyin iki tarixi binada – “De Burun malikanəsi” və “Mariinski Qadın Gimnaziyası”nda yerləşdiyini və həmin binaların şüşə korpus vasitəsilə birləşdirildiyini, sonra isə bu binaların muzey kimi fəaliyyətə başlama tarixini öyrəniblər.
Bildirilib ki, dünya təsviri və tətbiqi sənətinin bütün növlərini əhatə edən muzeydə Qərbi Avropa, Şərq ölkələri, Rus və İslam mədəniyyətinə məxsus və müxtəlif dövrləri əhatə edən heykəltaraşlıq, qrafika, dekorativ-tətbiqi sənət nümunələri (xalça, tikmə, qiymətli metal və çini qablar) nümayiş etdirilir. Dəyərli eksponatlar, rəsm əsərləri və xalça nümunələri ilə zəngin muzeylə tanışlıq tələbələrdə xoş təəssürat oyadıb.
Ekskursiyada ölkəmizdə təhsil alan Pakistanlı tələbələrlə yanaşı, K. Əliyev adına 61 saylı məktəbin şagirdləri də olublar.
Filarmoniya bağında gəzinti zamanı tələbələrə bağın salınma tarixi, binanın tikilmə tarixi və binaya adı verilən dahi bəstəkar, Azərbaycan musiqi tarixində Avropa tərzində ilk operanın (“Nərgiz”) müəllifi Müslüm Maqomayev haqqında da tələbələrə məlumat verilib.
Gənc nəslin dünyagörüşünün zənginləşməsinə xidmət edən ekskursiyaların gələcəkdə də təşkil edilməsi nəzərdə tutulur.