AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib
Sentyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib.

Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Konfederasiyaya üzv təşkilatların rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in sədri Səttar Möhbalıyev konfransda geniş məruzə ilə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz və rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş yolundan, müdrik və qəhrəman xalqımızın sarsılmaz birliyindən, dəmir yumruq kimi birləşməsindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Vətən müharibəsi dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi: “Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi”.

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi: “Beynəlxalq ictimaiyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb. Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan, hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri həyata keçirməyə başladı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu işlər sürətlə aparılır”.

S.Möhbalıyev Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində iştirakına diqqət çəkib: “Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Mehriban xanım Əliyevanın müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçirilir. Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir”.

Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının Vətən müharibəsində və ondan sonrakı dövrdə gördüyü işlərdən, döyüşən əsgər və zabitlərə, qazi və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs edib: “AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 9 093 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 036 815 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrə­man­casına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 000 manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən Qarabağ Dirçəliş Fonduna 1 2176 50 manat vəsait köçürülüb, silahlı qüvvələrə və cəbhə bölgəsinə 2320 864 manat,  “YAŞAT” Fonduna 667 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3600475 manatlıq birdəfəlik yardım göstərilib. 172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması  məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar”.

Sonra AHİK sədri vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolundan söz açıb. Vurğulayıb ki, demokratiyanın təzahürü kimi meydana çıxan həmkarlar ittifaqları insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən əsas təsisatlardandır: “Bu gün istər ölkəmizdə, istərsə də dünyada həmkarlar ittifaqlarının fəaliyyətinə nəzər saldıqda görünür ki, bu birlik ictimai zərurətdən yaranıb, vətəndaş cəmiyyətinin formalaşmasında, liberal dəyərlərin bərqərar olmasında, demokratiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir. Dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarına, nizamnamələrinə, məramnamələrinə ümumi nəzər saldıqda görürük ki, bu birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır və onların sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və vəzifələrinə tam uyğun olmaqla vətəndaş cəmiyyətinin formalaşmasına və mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının yaradılması zərurətə çevrilmişdir”.

S.Möhbalıyev deyib ki, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərinin təmsil olunmasını, kollektiv danışıqların aparılmasını, kollektiv müqavilələrin, sazişlərin bağlanmasını və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini təşkilat özünün əsas vəzifələrindən hesab edir və bu sahədə ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib: “Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkili istiqamətində ardıcıl olaraq əhəmiyyətli və effektli işlər görülür. Həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir”.

Çıxışının sonunda S.Möhbalıyev xalqımızın bütün uğurlarının, qələbələrinin kökündə onun vahidliyinin, birliyinin dayandığını bildirib: “Qədim ədəbiyyatımız, dastanlarımız, folklorumuz vasitəsilə ata-babalarımız hər zaman bizi birliyə səsləyib. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb. Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir. İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”.

Sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev konfransın əhəmiyyətindən danışıb.

Konfransda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyevin, Dəmiryolçuların Müstəqil HİRK-in sədri Fəzail Bağırovun, Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Hİ-nın sədri Habil Qurbanovun və Səhiyyə İşçiləri HİRK-in sədr müavini Cavid Məmmədovun çıxışları dinlənilib.

Çıxışlarda “Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu” mövzusu ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə 44 günlük müharibədə qazanılan Qələbədən, Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağın yenidən qurulmasından, Laçının azad edilməsi və başqa mühüm məsələlərdən də danışılıb.

Sonda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.

Konfrans yekunlaşdıqdan sonra iştirakçılar Şuşanın tarixi yerlərinə baş çəkib, şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Həmçinin onlar 30 ilə yaxın işğal dövründə ermənilərin törətdiyi dağıntılara baxıblar.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo