Ana dilimiz tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlığımızdır. Tarixin burulğanlarından, mürəkkəb ictimai-siyasi rejimlərdən üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş çox zəngin dillərindəndir.
Azərbaycan dilinin bugünkü mütəxəssisləri bu qənaətdədirlər ki, türk dil ailəsinin üzvü olan Azərbaycan dili potensial imkanlarının və lüğət tərkibinin zənginliyi, qrammatik quruluşununn bütövlüyü və s. xüsusiyyətləri dilimizin assimilyasiyasının qarşısını almışdır. Digər türk dilləri kimi Azərbaycan dili də ərəb, fars və Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib çatmışdır.
Dilimizə yaşam hüququ verən amillərdən biri də bu dilin olduqca həyati olmasıdır. Dünyada yaşayan 50 milyona yaxın azərbaycanlı harada olmasına baxmayaraq dillərini unutmurlar.
Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon soydaşımız doğma dilində məktəblərin olmamasına baxmayaraq, Azərbaycan dilini yaşadır, bu dil ilə qürur duyur, bu dil ilə hisslərini, duyğularını bölüşürlər, ifadə edirlər.
Azərbaycan dilinin inkişafı, dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. 1978-ci ildə qəbul olunmuş Konstitusiyamızda Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.
Heydər Əliyevin dilimizin dövlət dili kimi qəbul olunması, yad təsirlərdən qorunması istiqamətində yürütdüyü siyasət müstəqil Azərbaycan dövlətinə və dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun bünövrə sütunudur.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərdə həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşmışdır. O, Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında 25 il əvvəli xatırlayaraq belə demişdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qəbul olundu- nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”.
Ulu öndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur. Professor Nizami Xudiyev Heydər Əliyevin dil siyasətini analiz edərkən üç istiqamətdən yanaşırdı:
1.Bu siyasət, hər şeydən öncə demokratiklik prinsipinə əsaslanır. Bu demokratiklik isə, birinci növbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır.
2.Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaqgörənlikdir. Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir.
3.Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir. Obyektivlik dil siyasətində məsələnin qıy-qışqırıqsız, hissiyyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir...
1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində ümummilli liderimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm rolu olmuşdur.
Azərbaycan dilinin inkişafında Heydər Əliyev siyasətinin parlaq təzahürü olan fərman və sərəncamlar, o cümlədən “Azərbaycan dilinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı (30.09.2002), “Azərbycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı (02.01.2003) və habelə təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar, metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində , təcrübi işlərində də geniş şəkildə tətbiq edilir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin 18 iyununda ümummilli liderimiz "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin fərmanda Azərbaycan Prezidentin yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman- “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başlandı. Yaxın tariximizdən məlumdur ki, müstəqilliyin ilk ilində, 1991-ci ildə latın qarafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bütün gücü ilə işləyə bilmirdi. Yalnız ümummilli lider bu məsələnin birdəfəlik həllinə nail oldu...
Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, çox böyük sevgi ilə davam etdirilir.
İradə Sərdarova
ADU-nun dosenti
© 2023Azərbaycan Dillər Uni