Azərbaycan Dillər Universiteti-75: Təhsil fakültəsi
Azərbaycan Dillər Universiteti-75: Təhsil fakültəsi

Təhsil fakültəsi yaranma tarixinə görə demək olar ki, ADU ilə həmyaşıddır.  Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı. İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: 1) İngilis dili; 2) Alman-fransız dilləri fakültələri.  İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcınıAPİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür. Çünki respublikada ingilis dili mütəxəssisləri ilk dəfə olaraq məhz həmin fakültədə hazırlanmağa başlamış və İnstitut açılana qədər respublikanın məktəblərinə yüzlərlə xarici dil müəllimi göndərilmişdir. Bu məzunların arasında sonralar müstəqil institutun elmi-pedaqoji həyatında, eləcə də respublikada xarici dillərin tədrisi prosesində mühüm rol oynamış Rüxsarə Qayıbova, İsmixan Rəhimov, Nazim Qədimbəyov, Fuad Kazımov, Həcər Nağıyeva, Xədicə Əhmədova, Miyasət Ömərova kimi şəxslər də var idi. Lakin respublikada müstəqil institut yarandıqdan sonra xarici dil mütəxəssislərinin hazırlanması yeni mərhələyə qədəm qoydu.

90-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan İngilis dili fakültəsi rektorun 1991-ci il, 17 dekabr tarixli əmri ilə İngilis-alman dilləri və İngilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə İnstitut Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və Regionşünaslıq, 2001-ci ildən isə 1 №-li İngilis dili fakültəsi adlanmışdı. 2013-cü ildə 1 saylı İngilis dili fakültəsinin adı dəyişdirilərək Pedaqoji fakültə olmuşdur. ADU-da struktur dəyişikliklərinin aparılması ilə əlaqədar olaraq Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələr birləşdirilərək əvəzinə TƏHSİL fakültəsi yaradılmışdır.

2010-cu ildə İngiltərənin Essex Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanmış müqaviləyə əsasən Təhsil fakültəsində ikili diplom proqramı həyata keçirilməkdədir. Belə ki, Təhsil fakültəsinin müəyyən olunmuş kursunu müvəffəqiyyətlə başa vuran tələbələrə təhsillərini Esseks Universitetində davam etdirmək imkanı verilir. Tələbələrimiz 2 il ixtisas üzrə fakültədə təhsil aldıqdan sonra, təhsilllərinin qalan 2 ilini Essexdə davam etdirməklə hər iki universitetin (həm Essex Universiteti, həm də Azərbaycan Dillər Universiteti) diplomlarını əldə edirlər.

Fakültə üzrə kafedra əməkdaşlarının nüfuzlu elmi nəşrlərdə son beş ildə 106 sayda elmi məqaləsi çap olunmuşdur. Fakültə əməkdaşları 109 sayda Beynəlxalq elmi konfranlarda iştirak etmişlər.

Yarandığından ötən 75 il ərzində minlərlə ingilis, alman,  fransız dili mütəxəssisi hazırlamış fakültənin yetirmələri arasında zəngin elmi yaradıcılığı, yüksək istedadı, dilçilik elminin inkişafında öz dəst-xətti ilə seçilən çoxsaylı kadrlar hazırlanmışdır.

Fakültə universitetdə aparılan islahatların önündə gedən aparıcı quruma çevrilmişdir. Universitetimiz 2005-ci ildə Boloniya prosesinə qoşularkən Təhsil fakültəsi bu prosesin önündə getmişdir. Tədris plan və proqramları yenilənmiş, dərsliklər müasir tələblərə cavab verən dərsliklərlə əvəz olunmuşdur. Tələbələr, valideynlər və eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparılmış, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirilmiş, yeni-yeni fənn proqramları hazırlanmışdır.

Universitetimizin rektoru, akademik Kamal Abdullayevin diqqət və qayğısı sayəsində Təhsil fakültəsinin maddi-texniki bazası daha da gücləndirilmişdir. Fakültədə  tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində böyük işlər görülmüşdür.

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayevin uzun illərdir həyata keçirdiyi “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü layihəsi tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Məhz həmin gün universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifədə tələbələr tərəfindən açıq səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr universitetdə  bir gün ərzində tədris prosesi, inzibati və digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Rektorumuzun ideya müəllifi olduğu digər iki layihəni də qeyd etmək istərdim. Bunlardan birincisi respublikamızda ilk dəfə olaraq Təhsil fakültəsi tələbələrinin pedaqoji təcrübəsinin qaçqın-köçkün və eləcə də region məktəblərində təşkil edilməsi idi. İkincisi isə ADU-nun respublikanın orta ümumtəhsil məktəbləri ilə birlikdə tələbə-şagird konfransı layihəsini gerçəkləşdirməsidir. Təhsil fakültəsinin tələbələri hər bir layihədə fəal iştirak edirlər.

 Güman edirik ki, XXI əsrdə dünyanın heç bir ölkəsində ali təhsil sistemi təcrid olunmuş şəkildə mövcud ola bilməz. Təhsil ocaqlarının ölkə daxilində, bir qrup ölkəni əhatə edən bölgələrdə və beynəlxalq aləmdə geniş əməkdaşlıq şəbəkələrinin qurulması qloballaşma dövründə güc qazanma cəhətdən zəruriyyətə çevrilmişdir. Belə ki, Mart ayında 2023-cü il üzrə QS sahələr üzrə universitetlərin reytinqi (SUBJECT RANKİNGS 2023) açıqlanmışdır. Sözügedən reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak etmişdir. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olmuşdur. Azərbaycan Dillər Universiteti müasir dillər üzrə (301-340) dünyada ən yaxşı universitetlər qrupuna daxil olmuşdur.  Düşünürəm ki, bu uğurun əldə edilməsində 2017-ci ildən Azərbaycan Dillər Universitetində rektor işləyən akademik Kamal Abdullayevin zəhməti danılmazdır. Dünya universitetləri sırasında yer almaq isə ADU ailəsinin 75 illik yubileyinə ən gözəl töhfədir.

 

professor Fikrət Cahangirov. ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo