Son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə - Azərbaycanla Çin arasında humanitar sahədə əməkdaşlıq yüksək templə inkişaf etməkdədir. Bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov deyib. O, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dövlətimizin başçısı “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıb. Məhz bu sənəd gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başladı, əməkdaş ölkələr arasında ictimai-siyasi dialoq fəallaşdı, həmçinin Konfutsi İnstitutu şəbəkəsi genişləndi. Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq məqsədilə 2016-cı ildə Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutu yaradıldı. Bu institutun əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətini daha geniş təbliğ etməkdir. Azərbaycanın Çinlə siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdiyi bir zamanda ölkəmizdə Çin dilinə maraq artmaqdadır. Xüsusən Azərbaycan gəncləri, tələbələr arasında Çin dilinə maraq ildən-ilə artır. Çin son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini çəkən ölkələrdən birinə çevrilib. İqtisadi cəhətdən inkişaf etməsi bu dövlətin digər sahələrdə də önə çıxmasına səbəb olub. Son statistikaya görə, Çin dili dünyada ən çox yayılan dil hesab olunur. Ümumilikdə 38 əyalətdə 1 milyard 299 milyon insan Çin dilində danışır. Çin dilinin daxilində qan, hakka, huizhou, cinyu, mandarin, min bei, min donq, min nan, min zhong pu-xian, Wu, xiang və yue kimi fərqli ləhcələri var. Ən çox istifadə olunan ləhcə isə mandarindir.
Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarca Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq Çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər tərəfdən isə Çin dilini öyrənməyə artan maraq Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu gün Azərbaycanda elmi mübadilə genişlənir, Çində ticarət qurmaq istəyən biznesmenlərin sayı çoxalır. Bütün bunlar Çin dili kurslarına gələnlərin sayının artımında da özünü göstərir.
ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq edərək Çinin ənənəvi bayramlarını qeyd edir.
İnstitutun 2020-2021-ci illərdəki aktiv fəaliyyətindən bəhs edən Rafiq Abbasov Azərbaycan Milli Xalça Muzeyində Çin təqvimi üzrə Yeni ilin “Bakı” adlı silsilə tədbirlər əsasında qarşılandığını xatırladıb. Qeyd edib ki, Konfutsi İnstitutu fəaliyyətini daha da genişləndirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan distant Çin dili kurslarını uğurla bitirən tələbələri sertifikatlarla təltif edib. Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyası Konfutsi İnstitutunun aktiv fəaliyyətinə zərər gətirə bilməyib. Belə ki, institutda dəfələrlə onlayn tədbir və seminarlar keçirilib, tələbə və müəllim heyəti ilə görüşlər təşkil olunub. Konfutsi İnstitutu koronavirus epidemiyası şəraitində işinin optimallaşdırılması və Çin mədəniyyətinin öyrənilməsində tövsiyələrin işlənib hazırlanmasına dair bir sıra tədbirlər görüb. İlk növbədə, Çin dili kursu üçün onlayn tədris rejimində proqram, metodik materiallar və videodərslərin ssenariləri işlənib-hazırlanıb. Ardınca Çin dili və mədəniyyətini inkişaf etdirmək məqsədilə “Həmrəy olaq və gələcəyə inamla baxaq” devizi altında onlayn xəttatlıq müsabiqəsi təşkil olunub.
Konfutsi İnstitutu 2020-ci ilin aprelində Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş elektron layihə hazırlayıb. Layihənin informasiya bazasında Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitablar təqdim olunub. Həmçinin Konfutsi İnstitutunda Çinin “Bir kəmər, bir yol” qlobal iqtisadi layihəsi çərçivəsində elmi araşdırmalar aparılıb, Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına yönələn çoxşaxəli fəaliyyəti barədə “İlham Əliyev - qədim xalqların müasir davamçısı (2003-2020)” adlı elektron kitab Çin və Azərbaycan dillərində hazırlanıb.
Rafiq Abbasovun sözlərinə görə, Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin Çin mədəniyyətini yüksək səviyyədə təbliğ edir, buna nümunə olaraq təşkil olunmuş “Çinin ənənəvi musiqisi” adlı onlayn layihəni, “Duan-u” bayramına həsr olunmuş poetik onlayn seminarı, “Çin dili körpüsü” beynəlxalq müsabiqəsini, “Çin yelpiyinin incəsənəti” adlı onlayn tədbiri, “Arşın mal alan” operettasının Çin tarixi” adlı onlayn seminarı, “İki doqquzluq bayramı”na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları” adlı onlayn tədbiri, “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri” adlı onlayn tələbə elmi seminarı, “Azərbaycan rəssamlarının yaradıcılığında Çin” mövzusunda onlayn seminarı, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbiri və s. nümunə göstərmək olar.
O bildirib ki, Konfutsi İnstitutu məktəbliləri də unutmayaraq “Salam, Çin!” adlı silsilə onlayn seminarlar da keçirib. Tədbirlərin təşkilatçıları tərəfindən Çin dili və mədəniyyətinə marağı olan məktəblilərə iki ölkənin təhsil əlaqələrinin səmərəli inkişaf tarixindən danışılıb, Azərbaycan-Çin əməkdaşlığının bu inkişafa, ən əsası da “Bir kəmər, bir yol”un uğurlu icrasına ciddi töhfə verəcəyindən bəhs edilib, Çin mədəniyyətinin inciləri olan çay dəstgahı və Tay çi çuan ənənəvi döyüş sənəti haqqında ətraflı məlumatlar verilib, Çin sivilizasiyasının çoxəsrlik adət-ənənələrini əks etdirən “Böyük Çin” rəqsi canlandırılıb.
Bu il martın 28-də isə Konfutsi İnstitutu tələbələr və Çin dili kurslarının dinləyiciləri üçün “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.
© 2023Azərbaycan Dil