Aprelin 28-də Bakı Biznes Universitetinin koordinator olduğu “ERASMUS+ K2” proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Beynəlmiləlləşdirmə üzrə komitənin növbəti iclası keçirilib. Tədbirdə layihənin tərəfdaş olan ali məktəblərin sözügedən komitənin üzvü olan məsul şəxslər iştirak ediblər.
Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr Səyavuş Qasımov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rektorun adından komitə üzvlərini salamlayıb və iclasın işinə uğurlar arzu edib.
Layihə çərçivəsində yaradılmış Beynəlmiləlləşdirmə üzrə komitənin sədri, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova iclasda iştirak edənləri salamlayaraq tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb.
İclasda Beynəlmiləlləşdirmə üzrə komitənin Əsasnaməsinin təkmilləşdirilməsinə, illik fəaliyyət planının təsdiqinə, Universitetlərdə beynəlmiləlləşmə məsələləri ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılmasına və onun təkmilləşdirilməsinə, beynəlxalq layihələrdə birgə əməkdaşlığın genişləndirilməsinə, ikidiplom, diplomlarının beynəlxalq səviyyədə tanınmasına dair təkliflər irəli sürülüb. Sonda iclasda irəli sürülən fikir və təkliflərin ümumiləşdirilməsinin, rəylərin nəzərə alınmasının vacibliyi, növbəti iclasın mövzusu üzrə hazırlıq və başqa məsələlər müzakirə edilib.
Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.