Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzi “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə 5 may 2023–cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və diaspor quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçən tədbirdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, t.ü.f.d. Zaur Əliyev geniş məzmunlu məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan diasporunun bugünkü vəziyyətindən, strukturundan, xüsusiyyətlərindən geniş bəhs edilib. Göstərilib ki, azərbaycanlılar tarixən pərakəndə şəkildə uzun illərdir ki, dünyaya yayılmışlar. Təşkilatlanma, diaspora şəklində formalaşma son illərin məhsuludur. Bu da Ulu Öndər Heydər Əliyevin xarici siyasətinin prioritetlərindən birini təşkil edir. Məruzədə ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə xüsusən, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması, bir araya gəlib milli sifətlərini qoruması, Azərbaycan həqiqətlərinin bütün dünyaya bəyan edilməsinin təşkili barədə geniş bəhs edilib.
Məruzə ətrafında geniş müzakirələr, sual cavab formatında diskussiya keçirilib Müəllim - professor heyətindən Qorxmaz Mustafayev, İbrahim Kazımbəyli, Asif Abbasov, Sevdagül Əliyeva, Əli Məmmədov və başqaları çıxış edərək xarici ölkələrdə formalaşan Azərbaycan diasporunun inkişaf yollarından, problemlərindən və Ulu Öndərin bu qurumlara qayğı və diqqətindən söz açmışlar. Çıxışlar debat şəklində müqayisəli təhlillərlə aparılmış, diaspora quruculuğunun spesifik məsələlərini əhatə edib.
Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla yekunlaşdırıb. Maraqlı çıxış üçün məruzəçiyə təşəkkür edən rektor diaspor probleminə elmi – nəzəri cəhətdən yanaşmanın vacibliyini qeyd etdi və bu mühüm məsələnin Ulu Öndərin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulayıb. Göstərib ki, 44 günlük Zəfər müharibəsi diaspor təşkilatlarına da mənəvi güc vermiş, onların yenidən toparlanması üçün stimul yaratmışdır. Onlar Azərbaycan dövləti ilə tərəfdaş və müttəfiq ölkələrin axtarışlarına daha intensiv qoşulmuşlar.
Bunula da dəyirmi masa öz işini yekunlaşdırmışdır.