Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Ortaq türkcəyə dəyərli töhfə “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası yazısını təqdim edirik
Orta Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşən Özbəkistan Respublikası əhalisinin sayına görə ikinci böyük türk dövlətidir. Şanlı keçmişi bu qədim ölkənin daşında, torpağında öz “imza”sını qoyub. Ölkədə xeyli sayda tarixi abidə, məscid və muzeylər vardır. Bunlara
Bibixanım məscidi,
Uluqbəy rəsədxanası və mədrəsəsi,
Şaxi Zinda məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu
Qur-Əmir mavzoleyi və
Ağ-Saray,
Reqistan meydanını misal vermək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan
Buxarada 140-a yaxın tarixi memarlıq abidəsi var.
1967-ci ildə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələr diyarı qədim Xivə,
1990-cı ildə isə İçan-Qala YUNESKO-nun ümumdünya irsinə daxil edilib.
Özbəkistanın ən mühüm şəhərləri Daşkənd,
Səmərqənd,
Buxara,
Xivə,
Kokand,
Termez,
Muynak,
Şəhrisəbzdir. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus kulinariyası, geyim mədəniyyəti və memarlığı var. Özbəklər könül oxşayan klassik xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularda əksini tapır. Özbək klassik musiqisi şaşməqam adlanır. Şaşməqam Azərbaycan və uyğur muğamları ilə çox yaxındır.
Özbəkistan Respublikasının dövlət dili özbək dilidir. Özbək dili
türk dillərinin cənubi-şərq və ya karluq qrupuna daxildir. Bu diyarda 30 milyondan çox insan özbək türkcəsində danışır. Qeyd edək ki, özbək dilinin təşəkkülündə qıpçaq, oğuz, karluq və uyğur dilləri yaxından iştirak etmişdir. Ancaq bu gün müstəqil türk dili kimi spesifik xüsusiyyətlər də kəsb edir.
Bu dilin mənsubları əsasən Özbəkistanda, qismən Əfqanıstanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, Türkmənistanda və Rusiyada yaşayırlar.
Milli dəyərlərin, adət-ənənələrin, dil və mədəniyyətin, dinin yaxınlığına əsaslanan və tarixi əsrlərin dərinliyinə qədər uzanan Özbəkistan-Azərbaycan-Türkiyə münasibətləri daim qarşılıqlı yardım və dəstək müstəvisində cərəyan etmişdir.
Özbəkistan Respublikası zaman keçdikcə öz müstəqilliyini möhkəmləndirən, sosial rifahını yaxşılaşdıran və beynəlxalq arenada mövqeyini gücləndirən Azərbaycanla dinamik şəkildə əməkdaşlıq edir, Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi çıxış edir. Hər iki ölkənin həm regional, həm də beynəlxaq arenada əldə etdiyi nailiyyətlər onların qarşılıqlı əlaqələrinə də müsbət təsir göstərir.
Azərbaycanda görkəmli özbək şairi Əlişir Nəvainin heykəlinin, Özbəkistanın paytaxtı Daşkənddə isə Azərbaycan şairi Nizaminin heykəlinin qoyulması iki dövlət arasında ədəbi-mədəni əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir.
Bütün bunları nəzərə alaraq Özbəkistana gedib özbək mədəniyyəti, tarixi və gözəl yerləri ilə tanış olmaq istəyən həmvətənlərimizə kömək məqsədilə bu danışıq kitabçasını hazırladıq. Bu kitabça ilə üç qardaş xalq arasındakı dil səddini aradan qaldırmağa çalışdıq.
Danışıq kitabçası 36 bölmədən ibarətdir. Bu bölmələrdə Özbəkistana gedən bir turistin alış-verişdə, nəqliyyatda, gəzintidə, bir sözlə, gündəlik həyatda ehtiyacı olan sözlər, ifadələr və cümlələr verilmişdir. Lüğətdə təbii olaraq, əvvəlcə Azərbaycan dilində sözlər qeyd edilmiş, qarşısında isə özbəkcə və türkcə qarşılıqları göstərilmişdir.
Kitabçanın sonunda Özbəkistan Respublikasında qeyd edilən rəsmi bayram günləri haqqında məlumat da öz əksini tapmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri vəzifəsində çalışıdığım illərdə (2018-2022) bütün türk dillərində danışıq kitabçaları hazırlamağı qarşımıza məqsəd qoymuşduq. Burda məqsəd türk dünyasında ortaq dil birliyinə gedilən yolda, görüləcək işlərə dəstək vermək idi. Bu sahədə ilk işimiz, şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın tatarıstanlı həmkarlarımızla (ped.ü.f.d., dos. Kadriya Fətxullova, fil.ü.e.d., prof. Əlfiya Yusupova) birlikdə tərtib etdikləri “Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçasının çapı oldu (2020).
Elə “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası da bu məqsəd çərçivəsində tərtib edilmişdir. Hazırda bu sahədə fəaliyyətimiz davam edir. Onu da qeyd edim ki, biz təkcə müstəqil türk dillərinin yox, həmçinin digər müxtəlif türk toplumlarında yaşayan dillər üçün də bu şəkildə danışıq kitabçalarının hazırlanmasını qarşımıza məqsəd qoymuşuq. Bu gün həm qırğız dilində, həm də başqırd dilində danışıq kitabçaları üzərində işləyirik.
“Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Mirzəyeva tərəfindən hazırlanıb. Kitabçanın ideya rəhbəri akademik Kamal Abdulla, elmi redaktoru və layihə rəhbəri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, rəyçiləri professorlar Sadət Muhammedova (Özbəkistan) və İsmayıl Məmmədovdur.
Bu danışıq kitabçasının özbək, Azərbaycan, türk xalqları arasında gediş-gəlişlərin və mədəni əlaqələrin artmasında, ən əsası da bu sahədə üçdilli lüğət boşluğunun doldurulmasında faydalı olacağına ümid edirik.