Heydər Əliyev adına muzey-lektoriyada Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qan yaddaşımızdan silinməyən soyqırım” mövzusunda tədbir keçirilib.
Tədbirin moderatoru prof. İbrahim Kazımbəyli 31 mart Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verib, hadisənin baş vermə səbəblərinə toxunub.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Qarayeva Mina “31 mart soyqırımının tarixi aspektləri” haqqında çıxış edib. Qeyd edib ki, 1918-ci il mart ayının 30-da Bakıda erməni bolşevik qüvvələri tərəfindən türk müsəlman əhaliyə qarşı qırğınlar başlamış, kütləviliyinə görə “milli faciə” adlandırılmış və Azərbaycam xalqının tarixinə soyqırım məhfumunu daxil etmişdir.
AXC dövründə, baş verən soyqırımı, qırğınları araşdırmaq üçün Fövqəladə Təhqiqat komissiyası yaradılmış və onun materialları Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbə olmuşdur.
Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Sara "31 mart soyqırımının hüquqi-siyasi qiymətləndirilməsi" haqqında çıxış edib. Həm AXC dövründə, həm də Ümummilli lider Heydər Əliyev və İlham Əliyevin dövründə də Soyqırım tariximizə sahib çıxıldığını, lakin beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilmədiyini vurğulayıb.
Çıxışçı beynəlxalq aləmin laqeyd münasibətinin erməniləri azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verdiyini qeyd edib.