Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Biləsuvar Təhsil Kompleksində qeyd olunub
Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası Təhsil-2 fakültəsinin tələbələri ilə birgə müasir Azərbaycanın memarı, Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “H.Əliyev və dil siyasəti” adlı ədəbi-bədii kompozisiya və “Dil və mədəniyyət” adlı elmi-praktik seminardan ibarət 2 hissəli tədbir proqramı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində oldu.

“Təhsil millətin gələcəyidir”, deyən ulu öndərin ənənələrinə sədaqət göstərən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın Biləsuvar Təhsil Kompleksi ilə imzaladığı qarşılıqlı əməkdaşlıq memorandumu xüsusi əhəmiyyət kəsb edir və orta təhsillə ali təhsil arasındakı körpünün daha əlçatan olduğunu göstərir. 

“Dil və mədəniyyət” adlı seminarı giriş sözü ilə açan Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşlarını salamladı və “Azərbaycan Dillər Universiteti bizim Təhsil Kompleksimizlə qarşılıqlı əməkdaşlıq memorandumu imzalamış ilk ali təhsil müəssisəsidir və bu əməkdaşlıq çərçivəsində biz çox əhəmiyyətli tədbirlər təşkil etmişik. Bu tədbirin də həmin tədbirlər kimi uğurlu olacağına inanıram”, fikirlərini söylədi. Sonra Aqşin müəllim seminar iştirakçılarına (Biləsuvar rayonu üzrə orta ümumtəhsil məktəblərinin fransız dili müəllimləri, Təhsil Kompleksinin müəllimləri, ADU-nun tələbələri və liseyin şagirdlərinə) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları məsləhətçi professor Çəmən Babaxanova, baş müəllimlər Kəmalə Kərimova və Anar Hacıyev, baş laborant Ləman Rüstəmovanı təqdim etdi.

Seminarın moderatoru K.Kərimova bu qonaqpərvərliyə və təşkilatçılığa görə Aqşin Bağırovun şəxsində bütün Biləsuvar Təhsil Kompleksi əməkdaşlarına təşəkkürünü bildirdi və Universitet rəhbərliyinin və Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Gülnarə Sadıxovanın salamlarını çatdırdı. Moderator qeyd etdi ki, Gülnarə xanımın “gələcəkdə bu təhsil ocağında fransız dilinin tədrisi nəzərdə tutularsa Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası olaraq əlimizdən gələn metodik köməkliyi göstərməyə və tədris vəsaitləri ilə təminat baxımından sizlərə dəstək olmağa hazırıq”, fikrini sizə çatdırıram və bu gün burada təşkil etdiyimiz fransız dilinə və ədəbiyyatına dair nümunələrdən ibarət olan kitab stendi bu sahədə atılan ilk addımımızdır.

Seminarda, Çəmən xanım “Xarici dilin tədrisində fənnlərarası inteqrasiya” mövzusunda çıxış etdi və orta ümumtəhsil məktəblərinin 9-cu sinif dərsliyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş mətnin bazasında öyrənilən dilin müxtəlif bölmələri arasında əlaqə; qrammatik, leksik materialların tədrisinə dair vacib metodik tövsiyyələrini verdi. Natiq xarici dil dərslərində mili şüur, sivilizasiya, özünü düzgün dərketmə və düzgün ifadəetmə məsələlərinə də toxundu.

Seminarda 6-cı sinif şagirdlərinə “Özünü təqdimetmə” mövzusunda ilk fransız dili dərsi keçən Anar Hacıyevin dərsi həm şagirdlər, həm də müəllimlər tərəfindən çox bəyənildi. Özlərinin də qeyd etdiyi kimi həyatlarında “ilk dəfə fransızcanı eşidən şagirdlər, bəyəndikləri bu dərsdən sonra rəhbərliyə artıq liseydə fransız dili açmaq lazımdır”, mesajını verdilər.

Kəmalə Kərimova “Dil və mədəniyyət” mövzusunda çıxışında fransız və Azərbaycan dili və ədəbiyyatındakı bəzi paralellərdən bəhs etdi və mövzu ilə əlaqədar qonaqlar da interaktiv şəkildə öz mülahizələrini bildirdilər. Liseydə təcrübədə olan ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Akif Qasımovun və Biləsuvar 4 saylı orta məktəbin fransız dili müəllimi Cəlil Qurbanovun söylədikləri şeir nümunələri də bu təhlillərə xüsusi rəng qatdı.

Seminarda III kurs tələbəsi Hacıyeva Lamiyə Əhməd bəy Ağaoğluna dair tədqiqatla çıxış etdi və IV kurs tələbəsi Namazova Fatimə “Si tu n’existais pas” adlı mahnını ifa etdi. İştirakçılar onları maraqlandıran suallara cavab verdilər və öz mülahizələrini də bildirdilər. Seminar iştirakçıları qeyd etdilər ki, interaktiv formada aparılan bu seminar elmi əsaslandırmalarla yanaşı, çox öyrədici, praktik və yaddaqalandır.

“Heydər Əliyev və dil siyasəti” adlanan ədəbi-bədii kompozisiya adlı ikinci tədbirdə Ulu öndərə aid slaydlar, sevdiyi nəğmələr, ədəbiyyat nümunələri nümayiş etdirildi. “Azərbaycan” şeirinin müxtəlif dillərdə səsləndirilməsi zamanı səhnədə yer alan A.Qasımov və C.Qurbanovun spontan çıxışları hamının marağına səbəb oldu. Ulu öndərin Azərbaycana və öz xalqına olan sevgisi ilə yoğrulmuş, özünün də qeyd etdiyi kimi “ləzzətli Azərbaycan dili”ndə təşkil olunmuş bu tədbirdə Təhsil-2 fakültəsinin tələbələri həm də türk, rus, fransız və ingilis dillərində də materiallarla çıxış etdilər. Bir-birindən maraqlı səhnələrlə çıxış edən Bəxşəliyeva Zəhraxanım, Sadıqova Fatimə, Kərimzadə Fərid, Əliyeva Əsmər, Haqverdiyeva Nərmin (II kurs), Ağayeva Ceyla, Droşneva Yekaterina, Mursaqulova Səma, Hacıyeva Lamiyə (III kurs), Namazova Fatimə (IV kurs) hər dəfə zalın sürəkli alqışları ilə qarşılandılar.

Tədbirin sonunda çıxış edən direktor müavini Təranə Orucova ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası əməkdaşlarına və Təhsil-2 fakültəsinin tələbələrinə təşəkkürünü bildirdi və “Öyrənmənin yaşı yoxdur, mən bu gün sizin tədbirinizdən çox şeylər öyrəndim, bu gün nümayiş etdirdiyiniz bütün fəaliyyətiniz öyrətməyə istiqamətləndirilibdir”, deyə fikrini tamamladı.

Sonda kafedranın əməkdaşları iştirakçılara bu diqqətə görə təşəkkürünü bildirdi. Ulu öndərin də qeyd etdiyi kimi “insan təhsilin əsasını orta məktəbdə alır, ona görə də təhsil sistemində orta məktəb önəmli yer tutmalıdır”, fikirlərini ifadə edən K.Kərimova şagirdlərə belə xitab etdi: “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin Respublikamızın Azərbaycan Dillər Universiteti, Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Un iversitetləri kimi ali təhsil ocaqları ilə birgə sazişlərinin olması sizin şansınızdır. Çünki sizin hər birinizin qazana biləcəyiniz uğurların dəyərləndirilməsi üçün seçəcəyiniz ünvanlar lap yaxınınızdadır”.

Tədbir çərçivəsində ADU-nun kollektivi Azərbaycan xalqının sevimli oğlu H.Əliyevin adına olan guşə və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önünə qərənfillər qoydular və xatirə şəkilləri çəkdirdilər.

Tələbələr Təhsil Kompleksi ilə tanış oldular və şagirdlərin asudə vaxtlarının təşkili zamanı onlarla müxtəlif maraqlı mövzularla həmsöhbət oldular.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo