Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "İki dahi" adlı əsəri Avstraliyada işıq üzü görüb. Kitab Adelaide şəhərində, "Digital Print Australia" nəşriyyatında çap olunub.
Ölkəsinə, elinə, doğulduğu torpağa qəlbən bağlı olan vətənpərvər alimin əsərlərinin xarici ölkələrdə çıxan bütün nəşrləri kimi, bu kitabı da "Əsgər Məmməd oğlu Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində anadan olmuşdur" cümləsi ilə başlayır və həmin ifadə ilə də tamamlanır. Kitabda ədəbiyyatşünas alimin uzun illər Azərbaycan Dillər Universitetinin Praktik fransız dili və Qafqazşünaslıq kafedralarının müdiri, Tələbə Elmi Cəmiyyətinin sədri, hazırda həmin ali məktəbin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri olduğu diqqətə çatdırılır.
Ə.Zeynalovun 40-a qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifi olduğu, İranda, Türkiyədə, Rusiyada, Serbiyada, Çində məqalələrinin, Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə monoqrafiyalarının çap edildiyi göstərilir.
O da qeyd olunur ki, professor Ə. Zeynalov 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, müəllifin "Hüqo" monoqrafiyası 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunub, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının qızıl medalına layiq görülüb (2019). Müəllif müxtəlif vaxtlarda dahi fransız ədibləri La Fonten, Volter, Hüqo, Balzak, Stendal, Düma, Flobert , Merime və Mopassan haqqında məqalələr dərc etdirib.
Azərbaycan dilindən ingiliscəyə dosent F.Abdullayevanın tərcümə etdiyi "İki dahi" əsərinin mühüm bir qismi Azərbaycanla bağlıdır. Volterin Astiaq əfsanəsinə baxışı, Zərdüştlük haqqında düşüncələri, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şahla bağlı fikirləri son dərəcə maraq doğurur. Əsərdə diqqətə çatdırılır ki, Volterin "Zadiq, yaxud Tale" əsərində Zərdüştə tez-tez müraciət olunur, nümunələr gətirilir ki, bu da həm Anketil du Perronun 1771-ci il nəşrini, eləcə də fransız ədibinin "Esse"lərini bir neçə il qabaqlayır.
Professor Ə. Zeynalov bu monoqrafiyasında Volter yaradıcılığının Şərq qaynaqlarına, onun şərq mədəniyyətinə baxışlarını geniş surətdə təqdim edərək belə qənaətə gəlir ki, fransız ədibi bütün elmlərə - kimya, astrologiya, riyaziyyat, tibb, poeziyaya toxunaraq bu sahələrdə Şərq mədəniyyətinin güclü inkişafını və Avropanı bir neçə əsr qabaqladığını tutarlı faktlarla, müqayisələrlə təsdiqləyib.
Fransız ədibin esselərində geniş söz açılan şərq xalqlarından biri də türklərdir: "V əsrdə onlar Roma imperiyasını darmadağın etdilər. İspaniyanı və romalıların Afrikada malik olduğu yerləri tutdular, sonra Babilistan xəlifələrini özlərinə tabe etməsinin şahidi olduq". Volter türklərin, tatarların, skiflərin eyni mənşəli olduğunu, Atillanın da bu kökə mənsubluğunu yazır.
Fransız ədibi türklərin son dərəcə məğrur olduğunu, sərtliklərini əcdadları skiflərdən alaraq qoruyub saxladıqlarını bildirdikdən sonra, 1453-cü ildə Sultan II Mehmed tərəfindən İstanbulun fəthi üzərində geniş şəkildə dayanır. Konstantinopolu o dövr üçün dünyanın paytaxtı adlandıran Volter, 21 yaşlı II Mehmedin yüksək sərkərdəlik qabiliyyətini, üstün döyüş taktikasını, İstanbulu necə məharətlə aldığını heyranlıqla təsvir edir.
Monoqrafiyada Volterin "Zairə" və "Skiflər" faciələri də geniş surətdə təhlil süzgəcindən keçirilib.
Ə.Zeynalov fransız ədibinin fikirlərini ehkam kimi qəbul etməyərək, məqamı gəldikdə, məsələlərə öz münasibətini bildirir.
Monoqrafiyada bəhs olunan ikinci dahi Viktor Hüqodur. Əgər Volter XIII əsr fransız maarifçiliyinin ən böyük simasıdırsa, Hüqo XIX əsr fransız romantizminin ən böyük nümayəndəsidir.
Tədqiqatçı bu iki mütəfəkkir ədibin yaradıcılığı, həyatı, xarakterləri arasında bir sıra oxşar cəhətləri qabarıq şəkildə təqdim etməyə çalışıb. Bunlardan ən başlıcası hər iki ədibin Şərqə müraciət edib, Şərq mövzusunda əsərlər yazmasıdır. Hüqonun öz sələfi haqqındakı məqalələri də diqqətdən qaçmır.
Araşdırmada Hüqonun həyatının o qədər də asan olmadığı barədə tutarlı faktlar, mülahizələr var və monoqrafyada bu cəhətlər aydın şəkildə təqdim olunub.
Kitabın "Hüqonun müasirləri" bölməsində, əvvəlki nəşrlərdən fərqli olaraq, yeni bir ad diqqət çəkir: "Jozef Artur dö Qobino". Əsərdə Qobinonun yaradıcılığı - şair, dramaturq, yazıçı, ədəbiyyatşünas, eyni zamanda, siyasi xadim kimi fəaliyyəti təqdim olunur. Onun Yunanıstanda, İranda, İsveçdə, Avstraliyada diplomat kimi fəaliyyət göstərməsi haqqında müəyyən qədər məlumat verilir və fransız ədibinin 80 səhifədən ibarət olan "Şamaxı rəqqasəsi" üzərində xüsusi dayanılır.
1862-ci ildə qələmə alınmış "Şamaxı rəqqasəsi" əsərindəki hadisələr rusların Şimali Azərbaycanı işğalından sonrakı vaxtlarda cərəyan edir. Əsərdə Azərbaycan xalqının bir sıra adət-ənənələri, mədəniyyəti, etnoqrafiyası çox gözəl şəkildə öz əksini tapıb, bəzən də incəlikləri ilə təqdim olunub. Qobino Şamaxıda məşhur adamların təşrif buyurduqları bir məclisi təsvir edərkən oraya gətirilmiş musiqi alətlərindən söhbət açaraq yazır ki, "burada bizim gitaraya oxşar bir musiqi aləti var, onu tar adlandırırlar. Skripkaya oxşar, lakin qolu olan digər bir alətin adı kamançadır. Üçüncü, simli bir alət rübab adlanır. Dörduncü alət isə öz ritmləri ilə xüsusi qeyd olunmağa layiq və bütün Asiya musiqi alətlərindən fərqlənən tambur idi".
Tar, kamança, rübab, tambur sözlərinin Qobinonun əsərində eynilə Azərbaycan dilində olduğu kimi təqdim edilməsi, əlbəttə, hər bir azərbaycanlı oxucuda fərəh hissi doğurur.
Yaxud Qobino "Şamaxı rəqqasəsi" əsərində göstərir ki, "Şamaxıda məclisin təşkil olunduğu çox səliqəli, möhtəşəm zalda rəqs başladı və xeyli müddət davam etdi. Musiqi qurtaranda cuşa gəlmiş tamaşaçıların gurultulu alqışları az qala partlayışa çevrildi. Yalnız ispan Moreno yerində donub qalmışdı. Morenonu müşaiyət edən, fransız dilini gözəl bilən, rəqs məclisindən cuşa gəlib, xüsusilə Um-Ceyhanənin rəqsinə heyran olub, "Cənnət" deyib qışqıran Həsənov bəyan edir ki, mən mədəni bir adamam, Sankt-Peterburqda hərbi məktəbdə təhsil almışam, belə bir şey görməmişəm".
"Hüqo və Azərbaycan" bölməsində ədibin əsərlərinin ölkəmizdə tədqiqi və tərcüməsi tarixinə ekskurs edilib, maraqlı mülahizələr irəli sürülüb.
"Hüqonun poeziyası" bölməsində Ə.Zeynalov Hüqonun 1843-cü il sentyabr ayının 4-də qızı Leopoldinanın faciəli ölümündən sonra 13 il müddətində yazdığı şeirlər, daha doğrusu qızının ölümünə həsr etdiyi və 1829-cu ildə yanvarın 14-də işıq üzü görmüş məşhur "Şərq motivləri" şeirləri tədqiqata cəlb olunub.
Hüqonun 1831-ci ildə nəşr etdirdiyi "Paris Notr Dam kilsəsi" və böyük rus yazıçısı Lev Tolstoyun "fransız ədəbiyyatının ən yaxşı romanı" adlandırdığı "Səfillər" (1862) romanları müfəssəl araşdırılıb.
Monoqrafiyada Hüqonun aforizmləri də yer alıb: "Ağız təkcə yemək üçün deyil, həm də yemək üçündür", "Dərdli adamlar yol getdikləri zaman heç vaxt geriyə dönüb baxmırlar, çünki onlar öz qara talelərinin dalınca gəldiklərini çox gözəl bilirlər", "Hamı xoşbəxt olmağı bacarmır", "Dünyada körpə qığıltısından gözəl himn yoxdur" və sair.
"Hüqonun mülahizələri" hissəsində XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Honore dö Balzak, Aleksandr Düma, Jorj Sand, Qustav Flober, Qui dö Mopassan, Jozef Artur dö Qobino haqqında oçerklər kitabın daha da zənginləşməsinə səbəb olub. Bu oçerklərdə Hüqonun həm də sadiq dost olduğu faktlarla oxucunun diqqətinə çatdırılır.
"Hüqo İslam dinini qəbul etmişdirmi?" oçerki monoqrafiyanın ən maraqlı hissələrindəndir. Bu barədə bir çox faktların üzə çıxarılmasında professor Ə.Zeynalov seneqallı alim Han İbrahimin zəhmət və xidmətlərini də dəyərləndirir.
Monoqrafiyada Hüqonun islam dininə meyillənməsi haqqında bir sıra mülahizələr irəli sürülür, şəxsi düşüncələrlə yanaşı, qaynaqlara istinad da diqqət çəkir. Belə bir mülahizə maraq doğurur ki, o dövrün sıxıcı, əzici mühitində bir çox Qərb yazıçı, şair və mütəfəkkirləri azad, sakit, rahat bir dünya axtarırdı. Belə bir aləmin onlar üçün Şərqdə tapıla biləcəyini düşünürdülər. Məsələn, 1854-cü ildə İrana səfir kimi gələn Qobino 2 ildən sonra həyat yoldaşı və qızlarına Avropaya - Fransaya getməyi məsləhət bilir, özünü isə şərqli elan edərək burada qalacağını söyləyir.
1840-cı ildə fransiz dilinə tərcümə edilmiş "Qurani-Kərim"i dərindən mənimsəyən Viktor Hüqonun İslam dinini qəbul etmək fikrinə gəlməsi, görünür, həyatın yaratdığı zərurətlərdən biri idi. Monoqrafiyada göstərildiyi kimi, 1885-ci il may ayının 22-də Hüqo dünyasını dəyişərkən Katolik kilsəsinin orqanı olan "Xaç" qəzetində yazılmışdı: "30 ildən bəridir ki, o (Hüqo) dəli olmuşdur". Müəllif qeyd edir ki, 30 il, təxminən fransız ədibinin Məhəmməd (s.a.s) Peyğəmbərə həsr etdiyi "Hicrinin doqquzuncu ili" poemasını yazdığı vaxta düşür.
Professor Ə.Zeynalovun fransız mütəxəssisi, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin sədri Arno Lasterlə məktublaşması da kitabın diqqətçəkən səhifələrindəndir.
Professor Əsgər Zeynalovun indiyədək Avropa, Asiya, Amerika qitələrində kitabları nəşr olunmuşdu. Avstraliyada azərbaycanlı ədəbiyyatşünasın "İki dahi" kitabının işıq üzü görməsi ilə onun yaradıcılığının yayıldığı qitələrin sayı 4-ə çatdı. Sözsüz ki, onun "İki dahi" monoqrafiyasının Avstraliyada nəşr olunması Azərbaycan elminin mühüm nailiyyətidir. Fədakar və zəhmətkeş alim, dəyərli ziyalı professor Əsgər Zeynalovu bu münasibətlə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.