Türkiyədə Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab işıq üzü görüb
Türkiyədə Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığından bəhs edən “Psikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdulla'nın Romanları” adlı yeni kitab işıq üzü görüb.Kitab Türkiyənin Hacı Bayram Vəli Universitetinin Çağdaş Türk Dialektləri və Ədəbiyyatı Bölməsinin professoru Figen Güner Dilekin rəhbərliyi ilə Fatih Kəskin tərəfindən yazılmış “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” adlı doktorluq dissertasiyasının yenidən təşkili ilə ərsəyə gəlib.Kitabın müəllifi Fatih Kəskin çağdaş ədəbi-nəzəri fikrə, sufizm, buddizm, freydizm, yunqçuluq və s. kimi təlimlərə, ən başlıcası isə özünün söz və sənət duyumuna arxalanıb sistemli şəkildə Kamal Abdulla romanlarındakı incəliklərə varır və inandırıcı fikirlər irəli sürür.Müxtəlif elektron kitab satışı saytlarında oxucuların ixtiyarına verilən yeni nəşr akademik Muxtar İmanovun bu fikirləri ilə təqdim olunub:“Kamal Abdullanın romanları (bütövlükdə bədii yaradıcılığı) oxucunu müxtəlif cavablı suallar qarşısında qoyur və oxucu düşüncəsini hərəkətə gətirir. Mütləq həqiqətdən qaçıb “çoxhəqiqətlilik” səhnələrini qələmə alan yazıçı imkan yaradır ki, bu səhnələrdə oxucu öz həqiqətini və yaxud həqiqətlərini tapa bilsin. Fatih Kəskin sıravi oxucu yox, ciddi araşdırmalar aparan oxucudur.Fatih Kəskinin böyük zəhmət və istedad bahasına ərsəyə gəlmiş Kamal Abdulla romanlarında struktur, mövzu və ideya istiqamətləri əsaslı monoqrafiyasının ədəbi camiədə maraqla qarşılanacağı şəksiz-şübhəsizdir”.Fatih Keskin isə qeyd edib ki, əsərləri sürətlə müxtəlif dünya dillərinə tərcümə olunan Kamal Abdulla həm türk mədəniyyətinin dərin qatlarını, həm də çağdaş ədəbi istiqamətləri əsərlərinə uğurla tətbiq edib. Belə ki, Kamal Abdulla Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini qazanmasıyla birlikdə postmodernizmə meyillənən çağdaş Azərbaycan ədəbiyyatının getdiyi istiqamətin müəyyənləşməsində örnək göstəriləcək müəllifdir. Bu araşdırmada Kamal Abdullanın roman janrındakı əsərlərinin tədqiqata cəlb olunmasının əsas səbəblərindən biri onun romanlarının təhlil edilməsi ilə Azərbaycan ədəbiyyatının hal-hazırkı inkişaf mərhələsiylə bağlı vacib qənaətlər hasil etməyin mümkünlüyüdür. Bununla yanaşı, Kamal Abdulla ilə bağlı olan bu araşdırmanın bir məqsədi də gələcəkdə Azərbaycan ədəbiyyatının inkişafı haqqında tədqiqatlar aparacaq ədəbiyyat tarixçilərinə elmi meyarlar daxilində bəzi əsas məlumatları təqdim etməkdir.Alim daha sonra bildirib ki, tədqiq edilən mətnlərin reseptiv estetikaya və multidisiplinar metoda əsasən yazıldığını nəzərə alaraq, araşdırmadakı təhlillərdə ənənəvi analiz metodları ilə yanaşı, postmodern nəzəriyyəyə də müraciət edilib. Bundan başqa romanların dərindən təhlil edilməsi və mətn içindəki semiotik işarələrin daha açıq şəkildə anlaşılması üçün ədəbiyyatdan başqa psixologiya, sosiologiya, fəlsəfə, fenomenologiya, semiotika, mifologiya, teologiya və tarix kimi müxtəlif sahələrin metodlarından da istifadə edilib.Qeyd edək ki, kitab Kutlu Yayınevində, Akademik Bilim yayınlarında nəşr olunub.
06.03.2024
“Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib
Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən “Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib.İclasda 2020-ci ildə təsdiqlənmiş Filologiya fakültəsi üzrə ixtisas proqlamları (İngilis, alman, fransız, ispan, azərbaycan, rus dilləri və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İngilis, alman, fransız dilləri və ədəbiyyatı müəllimliyi, Jurnalistika) müzakirə edilib. Bəzi seçmə fənlərin adları ilə bağlı dəyişikliklər, fənlərin tədris semestrləri ilə bağlı kafedralar tərəfindən təklif olunan dəyişikliklər komissiya üzvləri tərəfindən təhlil olunub. Bundan başqa, təhsil proqramlarında fənlərin təlim nəticələrinin yenidən redaktəsi, onların imtahan təlim nəticələri ilə müqayisəsi aparılıb, məzun və peşə kompetensiyalarının fənlər ilə uyğunluğu təhlil olunub və kompetensiya xəritəsində öz əksini tapıb.Müzakirə olunan məsələlərdən biri də imtahanda yazı modulunun (essenin) qiymətləndirmə meyarı olub.
05.03.2024
ADU Konfutsi İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Sazişi Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov və Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov imzalayıb.Sazişin əsas məqsədi Azərbaycan və Çin arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsi, humanitar elmlər sahəsində mütəxəssislərin hazırlanması, Çin dili və mədəniyyətinin tədrisi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədris və elmi kadrlar mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, elmi-metodiki ədəbiyyatın nəşr edilməsidir.İmzalanma mərasimində çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinin öyrənilməsinə marağının artdığını, Çin və Azərbaycan universitetləri arasında tələbə mübadiləsinin və əməkdaşlığın genişləndiyini qeyd edib.O, Qərbi Kaspi Universitetində yaradılan Konfutsi İnstitutu sinfinin Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda peşəkar çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib.Professor, həmçinin, Qərbi Kaspi Universitetinin Çin dilinin tədrisinə, müasir Çinin öyrənilməsinin aktual istiqamətləri üzrə tələbə elmi-tədqiqat işlərinin təşkilinə və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini vurğulayıb.Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao deyib: “İki dövlət başçılarının strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31il boyunca Çin-Azərbaycan münasibətləri hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq davamlı şəkildə inkişaf edib, dərinləşib və möhkəmlənib.Çinin Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri arasında humanitar əməkdaşlıq yüksək perspektivlər göstərərək, Çin dilini öyrənən və Çin mədəniyyətindən ilham alan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaradıb. Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətinin dərinliyini yaxından öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpüsü”nə çevriləcəklər, eləcə də, Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına öz müsbət töhfələrini verəcəklər.”Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı Konfutsi İnstitutunun proqramlarının həyata keçirilməsindən danışıb.R. Abbasov xüsusilə, qeyd edib ki, Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılması, eləcə də, İpək Yolu ölkələri arasında humanitar mübadilə və mədəniyyətlərarası dialoqun təmin edilməsi üzrə Çinin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafına yeni təkan verib.R. Abbasov Qərbi Kaspi Universitetinin kitabxanasına ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunub, Çin dilində nəşr edilmiş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasından keçən 30 il. Prezident salnaməsi”, “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və “Heydər Əliyev-100. Tarixi səfərin xronikası” adlı kitablarını hədiyyə edib.Tədbirin sonunda ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış edib, proqramda ənənəvi Çin musiqi alətlərində milli Çin mahnı və melodiyaları səsləndiriblər. Həmçinin, xəttatlıq və kağız sənəti üzrə ustad dərsləri təşkil olunmuş, ənənəvi çay mərasimi keçirilib.
29.02.2024
ADU-da “Xоcalı sоyqırımı – ümumxalq hüzn günü” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzi və “Azərbaycanşünaslıq” elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Xоcalı sоyqırımı – ümumxalq hüzn günü” adlı dəyirmi masa keçirilib.Dəyirmi masada qonaq qismində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Nəsimi rayоn şöbəsinin nümayəndələri, Qarabağ döyüşlərinin qaziləri iştirak ediblər.Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.ADU Multikulturalizm Mərkəzinin müdiri Lоğman Rəşidzadənin mоderatоrluğu ilə baş tutan görüşdə universitetin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dоsenti Qоrxmaz Mustafayev giriş sözü ilə çıxış edib.Çıxışlarda təqaüddə оlan hərbçi, 1990-1992-ci illərdə Şuşa pоlisinin kоmandiri оlmuş Fərman Xəlilоv, təqaüddə оlan pоlkоvnik, 1991-1992-ci illərdə Şuşa pоlisində rоta kоmandiri işləmiş, “Azərbaycan Bayrağı” оrdenli, “Vətən uğrunda” medal laureatı Mübariz Quliyev, veteran döyüşçü, Kərçicahan və Xоcalı döyüşlərinin iştirakçısı Musa Əliyev çıxış edərək Xоcalı faciəsinin tarixi köklərindən, baş vermə şəraitindən, erməni vandallarının vəhşiliklərindən, şahidi оlduqları hadisələrdən danışıblar.Universitetin Beynəlxalq münasibətlər və regiоnşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli Xоcalı sоyqırımı, ümumiyyətlə, erməni vandalizminin tarixi kökləri haqqında çıxış edib.Elmi işlər üzrə prоrektоr, prоfessоr Nоvruz Məmmədоv isə çıxışında Xоcalı faciəsinin siyasi təsirlərindən danışıb, beynəlxalq aləmdə əks-sədasına tоxunmuş, faciənin azərbaycanlıların yaddaşından silinməyəcəyini qeyd edib.
26.02.2024
ADU-da Beynəlxalq ana dili günü qeyd olunub
Azərbaycan Dillər Universitetində Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilimiz milli varlığımızdır” mövzusunda dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva Beynəlxalq Ana dili gününün təsis olunmasının tarixi barədə tədbir iştirakçılarına məlumat verib.Daha sonra ADU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aytac Rüstəmli “Ana dilimizə dövlət qayğısı”, Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi Firuzə Ağaməmmədova “Azərbaycanda yaşayan azsaylı xalqların ana dillərinə dövlət dəstəyi” mövzularında məruzələri dinlənilib.Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, professor Adil Babayev, Türk Dünyası Araşdırmaları Mərkəzini müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov dəyirmi masanın əhəmiyyətindən danışıb, Beynəlxalq Ana dili gününün qeyd olunmasının önəmi haqqında fikirlərini bölüşüblər.Qeyd olunub ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
22.02.2024
İsveç səfiri ADU-nun qonağı olub
Fevralın 13-də İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ADU-nun qonağı olub.ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.Qeyd olunub ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici təcrübə proqramlarının öyrənilməsi vacib elementlərdən biridir. ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında qonaqlara məlumat verilib.“Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor, ADU-da tez-tez belə görüşlərin keçirildiyini vurğulayıb:“Azərbaycan Dillər Universiteti dünyanın müxtəlif ölkələrinin universitetləri ilə beynəlxalq elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu inkişaf həm müəllimlərimizin, həm də tələbələrimizin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Tələbələrimiz müxtəlif yerli və beynəlxalq layihələrdə uğurla iştirak edirlər. Belə layihələrdən biri də “Səfir saatı” layihəsidir.İnanıram ki, Azərbaycan və İsveç arasında olan dostluq və tərəfdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf edəcək”.Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir gələcək elmi əməkdaşlığın yeni istiqamətlərindən danışıb. Qeyd olunub ki, elmi, mədəni əməkdaşlıq hər iki ölkə üçün böyük önəm kəsb edir.Görüşdə ADU-nun kollektivi adından səfirə xatirə hədiyyələri təqdim olunub.Daha sonra “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşdə eyni zamanda “Online Swedish” akademiyasının İsveç dili müəllimi Robert Melwitz də iştirak edib.
13.02.2024
ADU-da Kəşmir Həmrəyliyi Günü qeyd olunub
Fevralın 5-də Azərbaycan Dillər Universitetində Pakistanın ölkəmizdəki Səfirliyi ilə birgə “Kəşmir Həmrəyliyi Günü” adlı tədbir keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan və Pakistan bütün müstəvilərdə bir-birinə öz dəstəyini ifadə edir, bundan sonra da bu dəstəyi davam etdirəcək:“Dost və qardaş Pakistan xalqının rifahı, əmin-amanlığı, parlaq gələcəyi bizim üçün çox önəmlidir. Biz inanırıq ki, Pakistan öz haqq işində uğur qazanacaq. Azərbaycan da dünyada öz sözünü və imzasını bəyan edən ölkə kimi daima dost və qardaş Pakistanın yanındadır”.Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.Səfir tarixi və hüquqi aspektlərə dair dərin məzmunlu təqdimatla çıxış edərək, əzablara və insan hüquqlarının pozulmasına məruz qalmış Kəşmirlilərin vəziyyətinə beynəlxalq diqqətin vacibliyini vurğulayıb.Səfir İƏT və digər beynəlxalq forumlarda məsələ ilə bağlı fəal dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Diplomat Pakistanın Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna sarsılmaz dəstəyini təkrarlayaraq, beynəlxalq ictimaiyyəti Kəşmir xalqının arzularına və BMT qətnamələrinə uyğun olaraq Kəşmir mübahisəsinin həllində fəal rol oynamağa çağırıb.İKGF-nin Avrasiya Regional Mərkəzinin rəhbəri Vüsal Qurbanov Azərbaycanın İƏT-in Cammu və Kəşmir Əlaqə Qrupunda fəal rolundan danışıb.Professor Atamoğlan Məmmədli Kəşmir münaqişəsinin-mübahisəsinin tarixi, siyasi və humanitar ölçülərinə işıq salan son məqaləsini vurğulayaraq dinləyicilər qarşısında çıxış edib.
06.02.2024
“British Council” təşkilatının Azərbaycan üzrə filialının rəhbərliyi ADU-nun qonağı olub
Britaniya Şurası - “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və bu təşkilatın əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, ADU-da xarici dillərin tədrisi ilə bağlı müasir tədris metodlarından və təcrübəsindən istifadə olunur. Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətində əməkdaşlıqda maraqlıdır.Britaniya Şurası - “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva beynəlxalq sertifikatlı dil imtahanlarının təşkili, tələbə və müəllimlərə bu istiqamətdə təlimlərin keçirilməsinin perspektivləri haqqında məlumat verib.Qeyd olunub ki, ADU-da müəllim və tələbələrin beynəlxalq dil sertifikatlı imtahanlara marağı böyükdür. İmtahanların keçirilməsi və rəsmi sertifikatların verilməsi ilə bağlı aparılan müzakirələrdə müasir təlim və tədris metodlarının tətbiqinin önəmindən danışılıb.Görüş gələcək əməkdaşlığın yeni istiqamətləri və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti ətrafında müzakirələrlə davam edib.
01.02.2024
Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”
Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib. Tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirib ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək.Çin Xalq Respublikasının ölkəmizdəki səfiri, xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının müxtəlif ölkələrdə keçirilməsi, xüsusilə Bakıda Milli Xalça Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün soyuq hava olsa da bu bayramın ürəklərə istilik gətirdiyini qeyd edib. H. Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək qiymətləndirib. Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H. Hüseynova, iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. H. Hüseynova bu cür bayramların il ərzində mütəmadi keçiriləcəyini deyib və tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib.Tədbir iştirakçılarına Çin dilində müraciət edən Rafiq Abbasov onlara yaşıl əjdaha ilinin əfsanəsi barədə məlumat verib. Gənclər və uşaqların təmsil olunduğunu vurğulayan R. Abbasov onların bədii çıxışlarının maraqla qarşılandığını deyib. Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq.Daha sonra ecazkar ölkənin ustad dərsləri və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşanıb.
30.01.2024
“Azərbaycanda Çin dilinin tədrisində praktiki yeniliklər” mövzusunda elmi seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Azərbaycanda Çin dilinin tədrisində praktiki yeniliklər” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarın məqsədi azərbaycanlı tələbələrin Çin dilini öyrənməsinin effektivliyini təhlil etmək və qiymətləndirmək, ali məktəbdə Çin dilinin tədrisinin metodik sisteminin səciyyəvi cəhətləri ilə bağlı konseptual və praktiki məsələləri müzakirə etmək olub.Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU nümayəndə heyətinin Pekində keçirilən Ümumdünya Çin dili konfransında iştirakından danışıb. Bildirib ki, həmin konfransda “Çin dili + peşə təhsili” adlı xüsusi proqramın yaradılması, “ağıllı təhsil” şəbəkələrinin genişləndirilməsi, innovativ tədris modellərindən istifadə və Çin dilində təhsilin intellektual transformasiyası kimi məsələlər müzakirə edilib.Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Firəngiz Mahmudzadə tələbələrin təhsil motivasiyasının inkişafında müasir tendensiyalar haqqında danışaraq, Çin dilinin tədrisində kommunikativ oyunlar, interaktiv texnologiyaların tətbiqini və tələbələrin nitq bacarıqlarının inkişaf etdirilməsində xüsusi tapşırıqlar sistemindən istifadə edildiyini xüsusi olaraq vurğulayıb.Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Cavidə Əliyeva Çin dilinin müxtəlif səviyyəli qruplar üzrə tədrisində, o cümlədən tələbələri Çin dili imtahanlarına hazırlayarkən tətbiq olunan yeni tədris formalarından, tələbələrin Çin dilində dinləmə bacarıqlarının inkişafında həmin dilin daşıyıcısı olan müəllimlərin rolundan bəhs edib.Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Kamalə Məmmədova tələbələrdə Çin dilinin ilkin səviyyəsi üzrə kommunikativ səriştənin, o cümlədən şifahi və yazılı ünsiyyət bacarıqlarının formalaşmasının metodiki aspektləri və heroqlif yazının əsaslarının tədrisi metodikası haqqında danışıb.
26.01.2024
“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB
15.01.2024
ADU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, universitetin əməkdaşları və tələbələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.ADU-nun kollektivi Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!
10.01.2024
ADU-da Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla bayram münasibəti ilə tələbələri və kollektivi təbrik edib. Daha sonra rektor iştirakçılara arzularını ünvanlayıb:"Əziz tələbələr və müəllimlər! Sizə, ailələrinizə cansağlığı, könül xoşluğu, işinizdə, təhsilinizdə böyük uğurlar arzulayıram.Tələbələrimizə universitetimizi uğurla, qürurla bitirməyi, gələcək fəaliyyətlərində hansı sahədə, harda olmaqlarına baxmayaraq, hər zaman Vətənimizi layiqli övladlar olaraq təmsil etməyi arzu edirəm. Arzu edirəm ki, dünyanın bütün gözəllikləri nəsibiniz olsun, xalqımıza, dövlətimizə, Prezidentimizə layiq övladlar olasınız.”Tədbir bədii hissə ilə davam edib. Universitetin tələbələri müxtəlif dillərdə şeir və musiqilər səsləndirib, rəqslər nümayiş etdiriblər. Həmçinin tələbələrin iştirakı ilə “Qırmızı Papaq” nağılı əsasında hazırlanan səhnə nümayiş olunub.
29.12.2023
ADU-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli" adlı tədbir keçirilib
Dekabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) və Türkiyə-Azərbaycan Yüzüncü il Platformasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100: Türkiyə Yüz İli" adlı tədbir keçirilib.Öncə Dövlət Himnləri səsləndirilib. Sonra hər iki ölkənin inkişaf yolunu və sarsılmaz dostluğunu əks etdirən videoçarx nümayiş olunub.ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova hər iki dövlət arasındakı əlaqələrin köklərinin dərin tarixə malik olduğunu, bu gün də o əlaqələrin dostluq, qardaşlıq münasibəti ilə davam etdiyini bildirib. Millət vəkili Tamam Cəfərova çıxışında Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu vurğulayıb.Türkiyə - Azərbaycan Yüzüncü il Platformasının (TAYİB) sədri Elmin Sadıqov hər iki qardaş ölkənin mühüm tarixi hadisələrinin gənc nəslə və ictimaiyyətə çatdırılması və bu sahədə çoxsaylı tədbirlərin təşkil olunmasının əhəmiyyətindən və ötən bir ildə gördüyü işlərdən danışıb.Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Qığılcım, millət vəkilləri Musa Qasımlı, Anar İsgəndərov, Aydın Mirzəzadə, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli hər iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən, bu isti münasibətlərin yüksəlməsində qardaş ölkələrin dövlət başçılarının müdrik addımlarının müstəsna rolundan, əldə etdiyi uğurlarından danışıblar. Natiqlər hər iki ölkə arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə əminliyini qeyd ediblər.Tədbir tələbələrin iştirakında bədii hissə ilə davam edib.
27.12.2023
ADU-da "Heydər Əliyev - tarixi yaradan dahi" adlı tədbir keçirilib
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-tarixi yaradan Dahi" adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Təhsil-2 fakültəsi, İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrası və 220a qrup tələbələrinin iştirakı ilə təşkil edilmiş tədbirdə ilk olaraq kafedra müdiri f.f.d., dos. Mehriban Hüseynova çıxış edib. O, çıxışında Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından bəhs edib. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.Həmin kafedranın müəllimi Leyla Məmmədova öz çıxışında bildirib ki, dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.Tədbirdə Təhsil-2 fakültəsinin xəlifə dekanı, 426 a qrup tələbəsi Şahin Hacıyev iştirak etmişdir. Təhsil-2 fakültəsinin xəlifə dekanı Şahin Hacıyev çıxışında tədbirin təşkilinə görə kafedra rəhbərliyinə təşəkkürünü bildirərək gənc nəsli milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün Heydər Əliyev şəxsiyyətinə müraciət etməli, dahi insanın həyatının əbədi milli örnək kimi gənclər arasında geniş təbliğ olunmasına çalışmalı olduqlarını deyib.220 a qrupunun tələbələri çıxışlarında Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, misilsiz xidmətləri, dünya liderlərinin Heydər Əliyev haqqında önəmli fikirləri, sitatları barədə slaydlar hazırlamışlar.Tələbələr həmçinin Ümummilli liderimiz Heydər Əliyev barədə çəkilmiş sənədli filmlər, fotolar, videolar da nümayiş etdirilmişdir.
26.12.2023
Bizimlə əlaqə