ADU-nun tələbələri Heydər Əliyev Mərkəzində olublar
Noyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırovanın təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin 165r, 167r, 170r və 175r qrup tələbələri Heydər Əliyev Mərkəzində açılmış “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində olublar.Tələbələr sərgidə nümayiş olunan eksponatlar vasitəsi ilə Ağqoyunlu hökmdarlı Həsən padşah Bayandurluya aid xüsusi əşyalarla tanış olub, dövlətin tarixi və onun Azərbaycan dövlətçiliyi tarixindəki yeri ilə bağlı məlumatlar əldə ediblər.
04.11.2023
Azərbaycan Dillər Universitetində ənənəvi Çin Təbabəti Həftəsi keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) “Ənənəvi Çin təbabəti üsullarından istifadə etməklə diaqnostika və müalicə həftəsi” keçirilib. Çindən dəvət olunmuş, məşhur ənənəvi Çin təbabəti həkimi, Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin professoru, Çjetszyan Ənənəvi Çin Təbabəti Cəmiyyətinin üzvü Vanq Quanqing və Çjetszyan Çjetszyan Ənənəvi Çin Tibb Universitetinin klinikasının Onurğa Xəstəliklərinin Diaqnozu və Müalicəsi Mərkəzinin baş tibb bacısı Gu Minjie Çin müəlicə masajı, akupunktur, moksoterapiya və fitoterapiya üzrə seanslar keçiriblər.Həftə çərçivəsində insan sağlamlığı bağlı özünəməxsus terapiya üsulları ilə seçilən və müxtəlif fəlsəfi anlayış və təcrübələrini (Yin və Yan, Çiqon, Fenşui ) geniş əhatə edən ənənəvi Çin təbabətinin tarixi və əsas anlayışlarına dair seminar keçirilib.Qonaqlar ənənəvi Çin təbabətinin əsas qaydaları, metodları və diaqnostika texnologiyaları, o cümlədən xəstənin ümumi müayinəsi, tənəffüsün diaqnostikası, nəbz diaqnostikası, palpasiya, o cümlədən müalicəvi və sağlamlaşdırıcı gimnastika məşqlərinin və müalicəvi pəhrizin terapevtik rolu haqqında danışıblar.ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin dinamik inkişaf etdiyini qeyd edərək, Azərbaycanın ümummilli liderinin Heydər Əliyev Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Sazişi xatırladıb.O, həmçinin qeyd edib ki, Çin tibb sahəsində çinli mütəxəssislərin əvvəlki səfərləri zamanı gələn professor Vanq Çuanqinq və Quo Çaotanq, Pekin Yanquan Elmi-Tədqiqat İnstitutunun direktoru professor Li Tiehong, Çin Ənənəvi Təbabəti Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Xuehonq Fan və Pekin Bədən Tərbiyəsi Universitetinin professoru Tao Menq, Çin həkimlərinin bu dəfəki səfəri Azərbaycan ictimaiyyətinin ənənəvi Çin təbabəti mədəniyyətinə marağının inkişafına xidmət edir.
04.11.2023
“Heydər Əliyev 100. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı dəyirmi masa keçirilib
Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Azərbaycan ədəbiyyatı kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” Elmi Mərkəzində “Heydər Əliyev 100. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada açılış nitqi ilə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasəti ilə bağlı məqamları vurğulayıb. “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, dosent Ülviyyə Rəhimova Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini şərtləndirən mövcud ictimai-siyasi şəraiti təsvir edərək, ədəbi-mədəni fikrin milli azərbaycançılıq ideologiyasını yaradan amil olmasını bildirib.Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, dosent Mehriban Mövlamova Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında olan rolunu vurğulayaraq, Ulu Öndər obrazının ədəbiyyatda təcəssüm olunmasından bəhs edib Tədbir müzkirələrlə davam edib.
03.11.2023
ADU-nun tələbələri "Machuca" adlı filmin təqdimatında iştirak ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının ispan dili fənni üzrə baş müəllimi Gülnarə Əfəndiyeva və Cənubi Amerikaşünaslıq fakültəsinin tələbələri Çili səfirliyinin təşkil etdiyi "Machuca" adlı filmin təqdimatında iştirak ediblər.Bildirilib ki, təqdim olunan filmdə 70-ci illərdə Çilidə baş verən mülki müharibə və ölkədəki bu ağır vəziyyətdən insanların necə əzab çəkdiyi nümayiş olunub.Dram janrında olan film tələbələrin marağına səbəb olub.
03.11.2023
ADU-da "Heydər Əliyev tələbələrin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev tələbələrin gözü ilə” mövzusunda növbəti dəyirmi masa keçirilib.Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Kafedra müdiri professor Fərman Zeynalov tədbirin əhəmiyyətindən danışıb, Heydər Əliyevin siyasi və iqtisadi islahatlarından bəhs edilib. Onun təhsilə, müəllimlərin fəaliyyətinə verdiyi diqqətdən danışılıb. Kafedranın baş müəllimi Gülnarə Səfərova ulu öndər Heydər Əliyevin dövlətimiz üçün gördüyü əvəzsiz işlərdən bəhs edib, onun təhsil almaq üçün çox sayda tələbəni xaricə göndərdiyini qürur hissi ilə diqqətə çatdırıb. Rektorun müşaviri dosent Anar Osmanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə Respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqları, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişlər. Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.Tədbirdə Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının canlı şahidi olduğunu deyib, Heydər Əliyevin gənclərə olan öyüd-nəsihətləri ilə bağlı öz fikirlərini bölüşüb. O, tədbirin ərsəyə gəlməsində kafedranın baş müəllimləri Gülnarə Səfərovaya, Mehriban İbadullayevaya, Təranə Cabbarlıya, Səbinə Tahirovaya təşəkkür edib.
03.11.2023
ADU-da “BÜTÖV” proqramının təqdimatı keçirilib
Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə "BÜTÖV - Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması" proqramının təqdimatı keçirilib.Yüzə yaxın gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektor müşaviri Anar Osmanlı "BÜTÖV" proqramı çərçivəsində baş tutan görüşün Azərbaycan Dillər Universitetində keçirilməsinə görə "İRƏLİ" İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın işində uğurlar arzulayan Anar Osmanlı gəncləri layihə müddətində baş tutacaq fəaliyyətlərdə aktiv olmağa çağırıb.Qərbi Azərbaycan İcmasının koordinatoru Fərhad Qənbərov və Bakı Dövlət Universitetinin dosenti Natiq Quliyev çıxışları zamanı tarixi qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsinin son əsrlərdə erməni dövlət siyasəti səviyyəsində həyata keçirildiyini qeyd ediblər.Diqqətə çatdırılıb ki, bu dövlət siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulub. Natiqlər "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, gəncləri bu istiqamətdə səfərbər olmağa çağırıblar.Tədbirin davamında "İRƏLİ" İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması da planlaşdırılır.Qeyd edək ki, "BÜTÖV - Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması" proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qarbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.
02.11.2023
Maarifləndirici görüş keçirilib
Oktyabrın 27-də Azərbaycan Dillər Universiteti (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.Görüşdə ADU-nun rektor müşaviri Anar Osmanlı, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nəsir Xankişiyev, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin mütəxəssisi Leyla Abbasova və inspektoru Cəmilə Məmmədova, Hədəf Təlim və Karyera Mərkəzinin rəhbəri Mehdi Əliquliyev, Hədəf Xaricdə Təhsil və Olimpiada Mərkəzinin rəhbəri Yaşar Zeynalov, Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev iştirak ediblər.Görüşdə 150-dən çox tələbə iştirak edib.Görüşdə çıxışları zamanı Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev karyera planlaması, Hədəf Xaricdə Təhsil və Olimpiada Mərkəzinin rəhbəri Yaşar Zeynalov isə tələbələrin magistratura təhsili ala biləcəyi ölkələr, həmin ölkələrin mənfi və müsbət tərəfləri haqqında məlumat veriblər.
31.10.2023
ADU-da XIX Asiya Oyunlarına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Çində keçirilmiş XIX Asiya Oyunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jihua Asiya Oyunlarının tarixindən, Çinin beynəlxalq idman yarışlarının təşkilinə verdiyi töhfələrdən, Xançjouda keçirilən XIX Asiya Oyunlarının mədəniyyət proqramlarından danışıb.Tədbir çərçivəsində 2023-cü ilin bu mühüm idman hadisəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilmiş və Huçjou şəhərindəki Jinan məktəbinin şagirdlərinin konsert proqramının video təqdimatı həyata keçirilib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, Asiya Oyunları tarixində ən çox iştirakçı sonuncu - XIX oyunlarda iştirak etmiş və oyunların proqramı çox sayda idman növləri, o cümlədən Asiya ölkələrinin milli idman növlərinin daxil edildiyi ən geniş siyahıya malik olub. XIX Asiya Oyunları çox böyük ərazidə, o cümlədən oyunlara ev sahibliyi edən Xançjou şəhəri ilə yanaşı, Ninbo, Vençjou, Şaoxin, Jinhua və ADU-nun tərəfdaşı olan Huçjou Universitetinin yerləşdiyi Huçjou şəhərlərində keçirilib.
31.10.2023
ADU-da Ulu öndərin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.Tədbirdə ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Xarici dillər kafedrasının müdiri dosent Aidə Sobor, kafedra müdirləri, tələbələr və Britaniya Kollecinin şagird və müəllim heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Salman Nuriyev universitetdə Ulu öndər Heydər Əliyevin 100 iliyi ilə əlaqədar keçirilən tədbirlərin mahiyyətindən bəhs edib, tədbirin təşkilatçıları Xarici dillər kafedrasının baş müəllimi Afət Həşimi və müəllimləri Nailə Vəkilova, Əsmər Veyisovaya və Aysel Məmmədliyə öz dərin minnətdarlığını bildirib. Kafedra müdiri, dosent Aida Sobor tədbiri Britaniya Kollecinin şagirdləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunmasının sevindirici hal olduğunu vurğulayıb.Sonra universitetin 213b, 314 a və 317 –ci qrup tələbələri Heydər Əliyevin həyatı, uğurlu siyasi fəaliyyəti, təhsil, elm, incəsənət sahəsindəki islahatları barəsində Azərbaycan, rus, ingilis dillərində çıxış ediblər.Britaniya Kollecinin şagirdləri Ulu öndər Heydər Əliyevin mədəni irsi, iqtisadiyyat sahəsindəki islahatları haqqında çıxış ediblər.ADU-nun rektor məsləhətçisi Anar Osmanlı ölkə prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında sərəncamından söz açıb, bu sərəncama əsasən ölkəmizdə, o cümlədən universitetimizdə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. Rektor məsləhətçisi, həmçinin belə tədbirlərin təşkili və keçirilməsini çox təqdirəlayiq olduğunu qeyd edib.Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
30.10.2023
“Halloween” bayramına həsr olunmuş tədbir keçirilib
Oktyabrın 30-da Azərbaycan Dillər Universiteti və ABŞ-nin Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzində ADU-nun Regionşünaslıq kafedrası və Beynəlxalq münasibətlər fakültəsinin 460 A-B qruplarının təşkilatçılığı ilə “ABŞ-nin mədəniyyəti və incəsənəti” fənni çərçivəsində Amerikada “Halloween” bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin 460 A-B qruplarının tələbələri Qəmər Mahmudova və Rahilə Məmmədova, Fulbright ETA Kirsten Pickelsimer bayramın yaranması, adət-ənənələri və qeyd olunması haqqında çıxış ediblər. Tədbir zamanı müxtəlif oyun və quizlər, master-klas və "ən yaxşı əl işi", "ən yaxşı kostyum" kimi konkurslar keçirilib, qaliblərə hədiyyələr verilib.
30.10.2023
“Jest dilini öyrənirəm" adlı seminar keçirilib
Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Psixologiya kafedrası və ADU Psixoloji Xidmət Mərkəzinin birgə əməkdaşlığı ilə tələbələrə "Jest dilini öyrənirəm" adlı seminar keçirilib.Seminarın "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova tərəfindən keçirildiyi bildirilib. ADU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs, Korreksiyaedici təlim ixtisasının isə I və III kursları üçün təşkil edilən seminarda tələbələr "Jest Dilinin" öyrənilməsinə xüsusi maraq göstərilib.Seminarda təşkilatçı, Psixologiya kafedrasının müdiri dosent Şəlalə Babayeva universitetdə jest dilində danışan tələbələrin çox olduğunu qeyd edərək müəllimlər tərəfindən də bu dilin öyrənilməsinin vacibliyini bildirib və əməkdaşlığın davamlı olacağını qeydb edib.Tədbirin digər təşkilatçısı, ADU Psixoloji Xidmət Mərkəzinin rəhbəri Pərvin Abbasova problemin tibbi tərəflərini vurğulayaraq təlimçiyə təşəkkürünü çatdırıb.Sonda isə seminarda iştirak edən tələbələrə sertifikat təqdim edilib.
27.10.2023
ADU-da “Çin və Azərbaycanın müqəddəs dağları” seminarı
Azərbaycan Dillər Universitetində “Çin və Azərbaycanın müqəddəs dağları” adlı elmi-tələbə seminarı keçirilib.Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov buddizm və daosizmdə ehtiramla qəbul edilən Çinin müqəddəs dağlarının çinlilər üçün mədəni və ritual əhəmiyyətindən danışıb. Qədim beş müqəddəs dağ sistemi, qədim əfsanəyə görə, yer üzündə ilk insan olan Pan-qunun əllərindən, ayaqlarından və başlarından yaranmışdır. Yerlə Cənnəti birləşdirən bu dağlar dördbucaqlı fiqur şəklində kainatın diaqramını simvolizə edirdi.Məşhur imperator Sin Şi Xuandi hakimiyyəti dövründən başlayaraq Döyüşən Dövlətlər dövründən tanınan müqəddəs dağlar, sonuncu Qin sülaləsinə qədər bütün sonrakı hökmdarlar üçün qurbanlıq və ritual ibadət yerlərinə çevrildi.ADU-nun Çinşünas tələbələri müqəddəs Daoist və Buddist dağlarının tarixi, mədəni və dini əhəmiyyətini qeyd edərək, tanrısı insanların taleyinə nəzarət edən Tayşan dağının tarixi, mədəni və dini əhəmiyyətindən, Böyük Çin Səddi yaxınlığında yerləşən Henşan dağı, Taoist ziyarətgahı olan Huaşan dağı, Çindəki ən qədim paqodası və məşhur Şaolin Buddist monastırı ilə məşhur olan Sunşan dağı, çoxlu müqəddəs məbədləri və monastırları ilə seçilən Buddist dağları Utayşan, Jiuhuaşan və Putuoşan haqqında danışıblar.Tələbələr həmçinin Xıdır Zində ziyafəti və orta əsrlərə aid qala xarabalıqları üzərində yerləşən müqəddəs Beşbarmaq dağı, “Kümbəz” ziyarətgahı ilə iki yerə parçalanan Haçaqaya dağ qayası, müqəddəs yerlər və İpək Yolunun keçid məntəqəsi üzərində yerləşən qədim Xızının rəngarəng dağları, “Həzrət Baba” ziyarətgahı ilə Babadağ dağı, Naxçıvandakı müqəddəs "Əshabi-Kəhf" mağaraları, Zərdüştilik tərəfdarlarının ibadət obyekti olan Yanardağ dağı yanar odlar haqqında danışıblar.
27.10.2023
ADU-da professor Rəhman Bədəlovla növbəti görüş keçirilib
Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) professor Rəhman Bədəlovla növbəti görüş keçirilib.Görüşdə ADU-nun prorektoru, professor Novruz Məmmədov, Doktorantura şöbəsinin müdiri ped.f.d. Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri ped.f.d., dos. Firuzə Rzayeva, universitetin əməkdaşları, doktorant və magistrları iştirak ediblər.Görüşdə professor Rəhman Bədəlov formal qiymətləndirmədən, dünya mədəniyyətindən, pessimist və optimist insani çıxışlardan, həyat seçimlərindən və onların insan yaşayışına təsiri mövzularında çıxış edib. Professor həmçinin, doktorant və magistrlarla mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.Sonda isə belə görüşlərin sisilə şəkildə davam edəcəyi bildirilib.
25.10.2023
Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin dekanı ADU-nun qonağı olub
Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı, Dr. Summaira Sarfraz Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.Bildirilib ki, dekan, Dr. Summaira Sarfraz-ın iştirakı ilə Tərcümə fakültəsində “Linguistic Approaches to Translation” adlı mühazirə keçirilib.Tərcümə fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən mühazirədə tərcümə sahəsinə aid yanaşmalar müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
25.10.2023
ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, istər əhatə dairəsinə, istərsə də bu sahədə çalışan insanların sayına görə təhsil Azərbaycanda ən böyük sosial institutlardan birini təşkil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.
25.10.2023
Bizimlə əlaqə