TKTA ADU-da təlim keçib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqavilələri imzalanmışdır. İmzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Agentlik tərəfindən ADU-da təlim keçirilib.Təlim Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən təşkil olunub.Təlimlərin əsas məqsədi ADU-nun akademik və inzibati heyətinə ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı qaydalarına və qiymətləndirmə meyarlarına dair geniş məlumatların verilməsidir.Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.
18.05.2023
Ortaq türkcəyə dəyərli töhfə - “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası
Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Ortaq türkcəyə dəyərli töhfə “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası yazısını təqdim edirik Orta Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşən Özbəkistan Respublikası əhalisinin sayına görə ikinci böyük türk dövlətidir. Şanlı keçmişi bu qədim ölkənin daşında, torpağında öz “imza”sını qoyub. Ölkədə xeyli sayda tarixi abidə, məscid və muzeylər vardır. Bunlara Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi və Ağ-Saray, Reqistan meydanını misal vermək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın tarixi memarlıq abidəsi var. 1967-ci ildə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələr diyarı qədim Xivə, 1990-cı ildə isə İçan-Qala YUNESKO-nun ümumdünya irsinə daxil edilib. Özbəkistanın ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus kulinariyası, geyim mədəniyyəti və memarlığı var. Özbəklər könül oxşayan klassik xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularda əksini tapır. Özbək klassik musiqisi şaşməqam adlanır. Şaşməqam Azərbaycan və uyğur muğamları ilə çox yaxındır. Özbəkistan Respublikasının dövlət dili özbək dilidir. Özbək dili türk dillərinin cənubi-şərq və ya karluq qrupuna daxildir. Bu diyarda 30 milyondan çox insan özbək türkcəsində danışır. Qeyd edək ki, özbək dilinin təşəkkülündə qıpçaq, oğuz, karluq və uyğur dilləri yaxından iştirak etmişdir. Ancaq bu gün müstəqil türk dili kimi spesifik xüsusiyyətlər də kəsb edir. Bu dilin mənsubları əsasən Özbəkistanda, qismən Əfqanıstanda, Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, Türkmənistanda və Rusiyada yaşayırlar. Milli dəyərlərin, adət-ənənələrin, dil və mədəniyyətin, dinin yaxınlığına əsaslanan və tarixi əsrlərin dərinliyinə qədər uzanan Özbəkistan-Azərbaycan-Türkiyə münasibətləri daim qarşılıqlı yardım və dəstək müstəvisində cərəyan etmişdir. Özbəkistan Respublikası zaman keçdikcə öz müstəqilliyini möhkəmləndirən, sosial rifahını yaxşılaşdıran və beynəlxalq arenada mövqeyini gücləndirən Azərbaycanla dinamik şəkildə əməkdaşlıq edir, Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi çıxış edir. Hər iki ölkənin həm regional, həm də beynəlxaq arenada əldə etdiyi nailiyyətlər onların qarşılıqlı əlaqələrinə də müsbət təsir göstərir. Azərbaycanda görkəmli özbək şairi Əlişir Nəvainin heykəlinin, Özbəkistanın paytaxtı Daşkənddə isə Azərbaycan şairi Nizaminin heykəlinin qoyulması iki dövlət arasında ədəbi-mədəni əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir.Bütün bunları nəzərə alaraq Özbəkistana gedib özbək mədəniyyəti, tarixi və gözəl yerləri ilə tanış olmaq istəyən həmvətənlərimizə kömək məqsədilə bu danışıq kitabçasını hazırladıq. Bu kitabça ilə üç qardaş xalq arasındakı dil səddini aradan qaldırmağa çalışdıq. Danışıq kitabçası 36 bölmədən ibarətdir. Bu bölmələrdə Özbəkistana gedən bir turistin alış-verişdə, nəqliyyatda, gəzintidə, bir sözlə, gündəlik həyatda ehtiyacı olan sözlər, ifadələr və cümlələr verilmişdir. Lüğətdə təbii olaraq, əvvəlcə Azərbaycan dilində sözlər qeyd edilmiş, qarşısında isə özbəkcə və türkcə qarşılıqları göstərilmişdir. Kitabçanın sonunda Özbəkistan Respublikasında qeyd edilən rəsmi bayram günləri haqqında məlumat da öz əksini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri vəzifəsində çalışıdığım illərdə (2018-2022) bütün türk dillərində danışıq kitabçaları hazırlamağı qarşımıza məqsəd qoymuşduq. Burda məqsəd türk dünyasında ortaq dil birliyinə gedilən yolda, görüləcək işlərə dəstək vermək idi. Bu sahədə ilk işimiz, şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın tatarıstanlı həmkarlarımızla (ped.ü.f.d., dos. Kadriya Fətxullova, fil.ü.e.d., prof. Əlfiya Yusupova) birlikdə tərtib etdikləri “Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçasının çapı oldu (2020). Elə “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası da bu məqsəd çərçivəsində tərtib edilmişdir. Hazırda bu sahədə fəaliyyətimiz davam edir. Onu da qeyd edim ki, biz təkcə müstəqil türk dillərinin yox, həmçinin digər müxtəlif türk toplumlarında yaşayan dillər üçün də bu şəkildə danışıq kitabçalarının hazırlanmasını qarşımıza məqsəd qoymuşuq. Bu gün həm qırğız dilində, həm də başqırd dilində danışıq kitabçaları üzərində işləyirik. “Azərbaycanca-özbəkcə-türkcə” danışıq kitabçası AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Mirzəyeva tərəfindən hazırlanıb. Kitabçanın ideya rəhbəri akademik Kamal Abdulla, elmi redaktoru və layihə rəhbəri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov, rəyçiləri professorlar Sadət Muhammedova (Özbəkistan) və İsmayıl Məmmədovdur. Bu danışıq kitabçasının özbək, Azərbaycan, türk xalqları arasında gediş-gəlişlərin və mədəni əlaqələrin artmasında, ən əsası da bu sahədə üçdilli lüğət boşluğunun doldurulmasında faydalı olacağına ümid edirik.
17.05.2023
ADU-da professor Rəhman Bədəlovla görüş keçirilib
Mayın 16-da Azərbaycan Dillər Universitetində (ADU) professor Rəhman Bədəlovla görüş keçirilib.Görüşdə ADU-nun prorektoru, professor Novruz Məmmədov, universitetin əməkdaşları, doktorant və magistrlar iştirak edib. Professor Rəhman Bədəlov dünya mədəni irsindən, bilik, təfəkkür, anlama, şüur və s. mövzularda magistr və doktorantlarla fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb. Qeyd edək ki, mühazirələr silsilə şəkildə davam edəcək.
16.05.2023
ADU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsi, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının baş müəllimi Səbinə Məmmədovanın təşkilatçılığı ilə “Qoy uca Tanrı hər bir Azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin“ mövzusunda tədbir keçirilib.Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban Hüseynova və və 223 A/B qrup tələbələri iştirak ediblər.Tələbələr Ulu öndərə həsr olunmuş şeirlər söyləyib, onun müəllifi olduğu kəlamları səsləndiriblər.Tədbir zamanı səhnəcik nümayiş olunub. Qarabağdan gətirilmiş müqəddəs torpaq və xarı bülbül də tələbələrin göstərdikləri səhnəcikdə təqdim olunub.Tələbələrin şəhərdə xarici vətəndaşlarla Heydər Əliyevin həyat və fəaliyyətinə dair apardıqları müsahibələri əks etdirən videoçarx nümayiş olunub.
16.05.2023
ADU-da "Ulu öndər Heydər Əliyevin 100 illiyi” mövzusuna həsr olunmuş açıq dərs keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 1 fakültəsində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Qəribə Əlizadənin təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyevin 100 illiyi” mövzusuna həsr olunmuş açıq dərs keçirilib.Açıq dərsdə Təhsil 1 fakültəsinin 101 A/B ;103 A/B ;114 A/B qrup tələbələri iştirak edib.Adıçəkilən fakültənin dekanı Professor Fikrət Cahangirov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi inkişafında, ölkəmizin dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.Tələbələr- Aybəniz Yusibova (103 B), Nərminə Səfərli (103 B), Jalə Mehdizadə (103 A), Kənan Qasımov (114 A) çıxışları ilə fərqləniblər. 101A qrup tələbəsi Leyla Məmmədova çıxışında Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxt mədəni tədbirləri haqqında məlumat verib.Baş müəllim Qəribə Əlizadə Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsini, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, onun əbədi, dönməz xarakter almasını, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsini, onun beynəlxalq nüfuzunun sürətlə artmasını Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu qeyd edib. Bildirilib ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarında ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.Dərsdə videoçarxlar, slaydlar da nümayiş olunub.
16.05.2023
ADU-da “Peşəyönümü məsləhəti” istiqamətində konsultasiyalar aparılıb
Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən tələbələr üçün fərdi olaraq “Peşəyönümü məsləhəti” istiqamətində canlı konsultasiyalar aparılıb.Konsultasiyaları Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin böyük mütəxəssisi Mikayıl Tağıyev və baş mütəxəssisi Səma Abbaszadə tərəfindən keçirilib.Konsultasiyalarda karyera planlaması, iş axtarışı, müsahibəyə hazırlıq, cv və istək məktubunun hazırlanması mövzularına toxunulub və tələbələrə bu istiqamətdə məsləhətlər verilib.Yuxarı kurs tələbələrinin iştirakı ilə baş tutan konsultasiya onların marağına səbəb olub.Sonda tələbələri maraqlandıran suallara da aydınlıq gətirilib.
16.05.2023
ADU və Urgenç Dövlət Pedaqoji İnstitutu arasında memorandum imzalanıb
Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı Zəfər Adilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşən nümayəndə heyəti iki ölkə arasında olan təhsil və elm əlaqələrinə diqqət çəkib, müzakirələr aparıblar.Qeyd olunub ki, Urgenç Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Dillər Universiteti arasında gələcək əməkdaşlıqla bağlı geniş perspektivlər mövcuddur. Bu əməkdaşlıq tələbə mübadiləsi, birgə konfranslar, seminarlar və s. şəklində həllini tapa bilər.Sonra iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
16.05.2023
ADU-nun müəllim-tələbə heyəti “Türkiyə həftəsi” adlı tədbirdə iştirak ediblər
Azərbaycan Dillər Universitetinin Türkiyə araşdırmaları mərkəzinin müdiri, professor, Elçin İbrahimov, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin müəllim və tələbələri imzalanan qarşılıqlı əlaqə haqqında memoranduma əsasən Biləsuvar Təhsil Kompleksində keçirilən “Türkiyə həftəsi” adlı tədbirdə iştirak ediblər.Milli Qəhrəman M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov hər iki müəssisənin qarşılıqlı əməkdaşlığı: keçirilən görüş, tədbir, təcrübə mübadiləsi və. s. əhəmiyyətindən bəhs edib. Tədbir kompleksin aşağı sinif şagirdlərinin ifasında türk dilində mahnı ilə açılıb.ADU-nun Türkiyə araşdırmaları mərkəzinin müdiri, professor Elçin İbrahimov Türkiyə-Azərbaycan elmi-mədəni əlaqələrinin tarixi, hər iki dövlətin və xalqın yaxınlaşması və qarşılıqlı səmimi münasibətlərinin qurulması haqqında məlumat verib.ADU-nun Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva Türkiyənin əhalisinin formalaşma mərhələlərini, orada müasir dövrdə yaşayan xalqlar, onların yayıldığı bölgələri xəritə və təqdimatla şagirdlərin diqqətinə çatdırıb.Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva Yunus Əmrənin fəlsəfi fikirləri haqqında danışıb. Yunus Əmrənin həyatı və yaradıcılığı, Anadolu türklərinin fəlsəfi təfəkkürünün inkişafında, türkdilli ədəbiyyatın meydana gəlməsində mühüm rol oynadığını qeyd edib. Çıxışın sonunda kompleksin şagirdlərinə Yunus Əmrə haqqında videoçarx göstərilib. Fəlsəfə kafedrasının dosenti Şükufə Cabbarova Cəlaləddin Rumi – Mövlanənin fəlsəfi dünyagörüşü haqqında danışıb.Tədbirdə Mövlanənin fəlsəfi təfəkkürünün formalaşması, yayılması və səmavi dərviş rəqsləri haqqında məlumat verilib, Mövlanənin kəlamları səsləndirilib və səmavi dərviş rəqsi göstərilib.Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdindəki Xarici dillər kafedrasının dosenti Nüşabə Allahverdiyeva türk dilində çıxış edən tələbələrin fikirlərini Azərbaycan dilində anlamaq üçün onların iki dildə müqayisəli təhlilini verib.Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə Türkiyədə gender siyasəti haqqında məlumat verib. Türkiyənin qadınlara seçki hüququnun 1934-cü ildə verməsi, Atatürk dövrünün islahatları ilə qadınlara hüquqların verilməsi haqqında danışıb.Tədbir ADU –nun BMR fakültəsinin 373-cü qrup Türkiyəşünas tələbələrinin çıxışları ilə davam edib. Aqid Nadirov Türkiyənin YUNESKO tərəfindən qəbul olunan maddi mədəni irs nümunələri, Bikə Məmmədzadə - Türkiyənin YUNESKO tərəfindən qəbul olunan qeyri-maddi mədəni irs nümunələri haqqında təqdimatlarla çıxış ediblər.Fuad Mustafayev və Bikə Məmmədzadə “Zeybək” rəqsini, Fidan Məmmədəliyeva və Seyfəddin Kazımov “Reyhani” rəqsini və Bikə Məmmədzadə şagirdlərlə birgə “Çırpınırdı Qara Dəniz” mahnısıını ifa ediblər.Tədbirin sonunda prof. Sevdagül Əliyeva Türkiyəyə aid maraqlı suallar verərək viktorina keçirib və qalibləri mükafatlandırılıb.
15.05.2023
ADU-da İspan dilindən səviyyə imtahanı- DELE imtahanı keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili Mərkəzində 10-13 may tarixlərində növbəti İspan dilindən səviyyə imtahanı- DELE imtahanı keçirilib.İmtahanda ümumi 41 nəfər iştirak edib.İmtahanın keçirilməsində ADU-nun ispan dili müəllimləri Elvira İmanova, Rəna Əliyeva, Aytən Əliyeva, Səbinə Əliyeva ilə yanaşı, İspaniyadan olan müəllim xanım Mariya Qonzalez Qarsiya da iştirak edib.
15.05.2023
ADU-nun müəllim-tələbə heyəti Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri- Aygül Eyyubova və Vüsalə Məmmədova Təhsil-2 fakültəsinin 219b və 220a qrup tələbələri ilə birgə Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər.Onlar müxtəlif rəsm əsərləri, heykəltəraşlıq nümunələri ilə tanış olub, yaranma tarixləri və avanqard incəsənətin incəliklərinə yaxından şahid olublar.
15.05.2023
ADU tələbələrinin istehsalat təcrübəsi AzTV-də uğurla davam edir
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Beynəlxalq jurnalistika şöbəsinin 2022-2023-cü tədris ilinin IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir.Mayın 15-də Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı Azərbaycan Dövlət Televiziyasının Xəbərlər departamentində rəhbərlik və tələbələrlə görüşüb.Görüşdə İnformasiya Proqramları Studiyasının direktor müavini Almaz Axundova tələbələrin istehsalat təcrübəsində fəallığından çıxış edib, tələbələrin hazırladığı süjetlərdən, müsahibələrdən və göstərdikləri fəallıqlarından razı qaldığını bildirib.Təcrübəçi tələbələr təcrübə keçirdikləri müəssisədən razı qaldıqlarını və təcrübədən sonra da bu müəssisə ilə əməkdaşlıq edəcəklərini qeyd ediblər.
15.05.2023
ADU-da “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda yazı müsabiqəsi keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Filologiya fakültəsinin və İngilis dilinin leksikologiyası və üslubiyyatı (FF) kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda yazı müsabiqəsi keçirilib. Mayın 12-də yazı müsabiqəsinin Filologiya fakültəsi üzrə qaliblərinə mükafat və diplomlar təqdim edilib:I Yer - Rəşad Hüseynov 234a II Yer – Zəhra Əliyeva 234a Zimara Zeydullayeva 136 III Yer – Nərgiz Abbaszadə 234a Səhər Məhəmmədpur 234a Radiyə Məmmədova 333 Aşağıda adları qeyd edilən tələbələrə isə iştirak sertifikatları təqdim edilib:1. Samir Nəsirov 1432. Günay Ağazadə 4403. Jalə Ağayeva 135a4. Fidan Əlizadə 135a5. Aytac Xudaverdiyeva 3406. Fatimə Eyyubova 234a7. Şövkət Abdullayeva 234a8. Nərmin Kərimova 3409. Natavan Bəkirova 339b10. Qəmbərova Humay 339b11. Aytən Burziyeva 135b
15.05.2023
ADU-nun təcrübəçi tələbələri tərəfindən tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədən olan 411 A qrup tələbələri tərəfindən tədbir keçirilib.Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə 411 A qrupun təcrübəçi tələbələri Rövşən İsmayılov, Süsən Cəfərli və məktəbin 8 C sinif şagirdləri iştirak ediblər.Tədbir zamanı 8 C sinif şagirdləri İngilis dili və Azərbaycan tarixi dərslərində əldə etdikləri bilikləri nümayiş etdiriblər. Onlar Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Azərbaycana həsr olunmuş şeirləri ingilis dilində səsləndirib, Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı hazırlanan videorolikləri nümayiş ediblər.Tədbirdə İkinci Qarabağ müharibəsindən bəhs edilib, işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalına aid videoçarx nümayiş etdirilib.Həmçinin Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsi anılıb.İngilis dilində təşkil olunan tədbirdə metodist Afət Namətova, müəllim Mehparə Əliyeva, psixoloq Tahirə İbrahimova, məktəb rəhbərliyi- direktor Aytən Baxşiyeva, direktor müavini Sevinc Əliyeva, tərbiyə işləri üzrə baş müəllim Safura İbrahimli, 8C sinif rəhbəri Sevinc Babayeva, həmçinin bəzi fənn müəllimləri, şagirdlərin valideynləri və digər üç sinif (7"B", 7"C" və 5"C") iştirak ediblər.Tədbirin sonunda tələbələr pedaqoji təcrübə keçmək imkanına görə ADU-nun rektoru akademik Kamal Abdullaya, pedaqoji təcrübənin dekanı Məmməd İsmayılova, pedaqoji təcrübə zamanı yaradılan şəraitə görə isə məktəbin direktoru Aytən Baxşiyevaya minnətdarlığını bildiriblər.
15.05.2023
ADU tələbələri Heydər Əliyev Mərkəzində dərs keçiblər
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsinin 128A və 129A qrup tələbələrinə fənn müəllimləri Lamiyə Muğalovanın rəhbərliyi ilə “Heydər Əliyev və gənclər” mövzusunda dərs keçirilib.Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq keçirilən dərs Heydər Əliyev Mərkəzində baş tutub.Burada tələbələrə Heydər Əliyev haqqında məlumatlar verilib, onun gənclərə olan münasibəti, qayğısı, gənclərə yaratdığı geniş imkanlardan danışılıb və bu mövzuda diskussiya aparılıb.Sonra tələbələr Heydər Əliyev Muzeyində olublar.Bildirilib ki, növbəti dərs üçün tələbələrə Heydər Əliyev Mərkəzi və “Heydər Əliyev və gənclər” mövzusunda esse yazmaq tapşırılıb.
15.05.2023
Xarici mütəxəssislər yeni əməkdaşlıq məqsədi ilə ADU-da olublar
Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun rektoru, Rusiya Peşəkar Erqoterapevtlər Assosiasiyasının Prezidenti Sergey Maltsev, Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun Sosial reabilitasiya və Erqoterapiya kafedrasının mütəxəssisi Natalya Leşenko, Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun Sosial reabilitasiya və Erqoterapiya kafedrasının baş müəllimi Yekaterina Mişina yeni əməkdaşlıq məqsədilə Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində qonaq olublar.Görüşdə Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos. Nigar Zeynalova ölkəmizdə sahə üzrə həyata keçirilən genişmiqyaslı, silsilə islahatlar, ölkə başçısının SİM şəxslərə xüsusi diqqəti, birinci xanımın sağlamlıq məhdudiyyətli şəxslərə olan qayğısı barədə ətraflı məlumat verib, Azərbaycan Dillər Universitetində SİM şəxslər üçün yaradılan əlverişli şəraitdən, inklüziv təhsilin prioritetlərdən birinə çevrilməsindən bəhs edib, Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova reabilitasiya xidmətlərinin keyfiyyəti, əmək bazarındakı çatışmazlıqlarla əlaqədar qısa xronika verib.Görüşdə iki dövlət arasında təcrübə mübadiləsi imkanları müzakirə olunub, təkmilləşdirmə proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılaşma əldə edilib.Qeyd edək ki, Erqoterapiya ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin Korreksiyaedici təlim ixtisasında tədrisə gətirilib.Həkim fizioterapevtlər, müalicəvi bədən tərbiyəsi mütəxəssisləri, həmçinin psixoloqlar, pedaqoqlar tərəfindən Erqoterapiyanın həyata keçirilməsini, sensor inteqrasiya fəaliyyətlərinin reabilitasiyadakı əhəmiyyətini nəzərə alaraq sahə üzrə məktəbin yaradılması, ixtisaslı erqoterapevtlər formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirilib.
15.05.2023
Bizimlə əlaqə